Telefonların donmasının qarşısını necə almaq olar?
“Telefonların donması çox vaxt ciddi nasazlıqdan yox, sistemin həddindən artıq yüklənməsindən və ya resurs çatışmazlığından yaranır. Yəni cihaz bizə bir az fasilə lazımdır siqnalı verir”.
Bu sözləri Operativ Media -ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.
O bildirib ki, ən birinci səbəb fon proqramlarının çoxluğudur:
“Bir çox istifadəçi tətbiqləri bağlamadan üst-üstə açır və telefonun yaddaşı dolur. Nəticədə prosessor və ram yüklənir, sistem ləngiyir və donma baş verir. Praktik məsləhət olaraq vaxtaşırı arxa plandakı tətbiqləri bağlamaq, istifadə etmədiyiniz proqramları silmək çox kömək edir.
İkinci məsələ isə yaddaşın dolmasıdır. Telefonun daxili yaddaşı 80–90% dolanda sistem normal işləyə bilmir. Şəkillər, videolar, köhnə fayllar və lazımsız tətbiqlər təmizlənməlidir. Bu telefonun sürətinə birbaşa təsir edir. Üçüncü vacib məqam isə proqram təminatıdır. Köhnə sistem versiyası və ya problemli tətbiqlər də donmaya səbəb ola bilər. Telefonu və tətbiqləri mütəmadi yeniləmək lazımdır, çünki bu yeniləmələr təkcə funksiyalar yox, performans və təhlükəsizlik düzəlişləri də gətirir. Bir də temperatur faktoru da var.
Telefon həddindən artıq qızanda və ya çox soyuyanda sistem özünü qoruma rejiminə keçir və bu da donma kimi hiss olunur. Xüsusilə şarj zamanı ağır tətbiqlər işlətmək, gün altında uzun müddət istifadə etmək və ya soyuqda telefonu açıq havada çox saxlamaq problemləri artırır”.
