Azərbaycan və ABŞ iqtisadi və texnoloji əməkdaşlığı genişləndirəcək
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları iqtisadi artımın gücləndirilməsi, sərmayələrin təşviqi və ikitərəfli biznes mühitinin inkişafı məqsədilə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin imzaladığı Strateji Tərəfdaşlıq Xartiyasının mətnində qeyd olunub.
Tərəflər ticarət və investisiyaların artırılması üçün strateji imkanların müəyyənləşdirilməsi, iqtisadi dialoq platformalarının yaradılması və özəl sektorun iştirakı ilə regional əməkdaşlığın inkişafını nəzərdə tutur.
Bununla yanaşı, süni intellekt tərəfdaşlıqları, rəqəmsal infrastruktura sərmayələr, AI data mərkəzlərinin yaradılması, kibertəhlükəsizlik və innovasiya təşəbbüsləri üzrə birgə fəaliyyət planlaşdırılır.
Eyni zamanda, inkişaf edən texnologiyalar üzrə təcrübə mübadiləsi, texniki dəstək, texnoloji işçi qüvvəsinin hazırlanması və transsərhəd rəqəmsal bağlantılara investisiyaların təşviqi istiqamətində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.