Paşinyan İrana səfər edəcək
Ermənistan və İran 2026-cı ildə Baş nazir Nikol Paşinyanın Tehrana səfəri zamanı strateji əməkdaşlığa dair hərtərəfli sənəd imzalamağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqolami İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə keçirilən qəbulda bildirib.
Onun sözlərinə görə, tərəflər tərəfdaşlığı institusional səviyyədə möhkəmləndirmək və əməli yol xəritəsi əsasında əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir.
Səfir qeyd edib ki, ölkələr arasında münasibətlər minillik tarixə malikdir və bu gün yetkin mərhələyə çatıb, liderlər arasında qarşılıqlı etimad isə əsas kapital hesab olunur.
O, həmçinin regional kommunikasiyaların açılmasının və tranzit potensialının inkişafının vacibliyini vurğulayaraq, Cənubi Qafqazda sabitliyin əsas şərtinin sülh və mehriban qonşuluq olduğunu bildirib.