Menyu

Dəridə baş verən dəyişikliklər hansı xəstəlikdən xəbər verə bilər? - Həkim danışır

Ayşən Sadıxzadə
Dəridə baş verən dəyişikliklər hansı xəstəlikdən xəbər verə bilər? - Həkim danışır

Stress, urbanizasiya, ətraf mühitin çirklənməsi və şəhərlərdə əhalinin sıxlığı kimi amillər dəri xəstəliklərini artıra bilər.

Operativ Media xəbər verir ki, bunu həkim-dermato-veneroloq Vaqif Abdullayev bildirib.

Onun sözlərinə görə, xüsusilə hava çirklənməsi allergik və autoimmun dəri xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər.

Dəridə baş verən dəyişikliklər hansı xəstəlikdən xəbər verə bilər?

Həkimin sözlərinə görə, dəri orqanizmdə baş verən bir çox proseslərin göstəricisidir: "Qaraciyər və öd yolları ilə bağlı problemlər zamanı dəridə saralma yarana bilər. Göz ətrafında əmələ gələn sarımtıl düyünlər lipid mübadiləsinin pozulmasına işarə edə bilər. Vitamin çatışmazlığı da müxtəlif dəri dəyişiklikləri ilə özünü büruzə verir. Uzun müddət səbəbi bilinməyən dəyişikliklər müşahidə olunarsa, mütləq dermatoloqa müraciət edilməlidir".

Sızanaqların yalnız yeniyetmə dövrünə aid olmadığı da diqqətə çatdırılıb. Hormonal disbalans nəticəsində həm gənclərdə, həm də yetkin yaşlı insanlarda sızanaq yarana bilər. Androgen hormonlarının təsiri ilə dəridə yağlanma artır, bakterial aktivlik güclənir və nəticədə iltihabi proses formalaşır.

Günəşdən qorunma məsələsinə toxunan mütəxəssis SPF tərkibli kremlərin düzgün istifadəsinin vacibliyini bildirib. SPF krem günəşə çıxmazdan 15–20 dəqiqə əvvəl çəkilməlidir. Yay aylarında və ultrabənövşəyi indeks yüksək olduqda istifadəsi xüsusilə vacibdir. Qış aylarında ehtiyac nisbətən azalsa da, açıq havada uzun müddət qalınacaqsa qoruyucu vasitələrdən istifadə tövsiyə olunur. SPF seçimi dərinin fototipinə uyğun aparılmalıdır.

Dəridə yaranan bəzi dəyişikliklər təhlükəli siqnal ola bilər.

"Yeni yaranan, forma və rənginə görə fərqlənən, sürətlə böyüyən, qanayan və ya qabıqlanan xallar xüsusi diqqət tələb edir. Bir-iki ay ərzində sağalmayan yaralar da risk göstəricisi sayılır. Belə hallarda dermatoskopiya müayinəsinin aparılması erkən diaqnostika baxımından mühüm əhəmiyyət daşıyır", - həkim qeyd edib.


Əlaqəli Xəbərlər