Menyu

Səhiyyə Nazirliyi Ağdərənin balaca sakinləri üçün tibbi aksiya keçirib

Operativ Media
Səhiyyə Nazirliyi Ağdərənin balaca sakinləri üçün tibbi aksiya keçirib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Ağdərə rayonunda yaşayan uşaqlar üçün kompleks səyyar tibbi müayinələr həyata keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Tibbi aksiya əhalinin sağlamlığının qorunması, xüsusilə azad olunmuş ərazilərə qayıdan ailələrin və uşaqların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədi daşıyıb. Səyyar müayinələrdə İnstitutun yüksəkixtisaslı həkim heyəti – pediatrlar, nevroloqlar, kardioloqlar, endokrinoloqlar, oftalmoloqlar, otorinolarinqoloqlar və digər sahə mütəxəssisləri iştirak ediblər.

Müayinələr zamanı uşaqların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, profilaktik baxışlar aparılıb, zəruri laborator və instrumental yoxlamalar həyata keçirilib. Aşkarlanan xəstəliklər və sağlamlıq problemləri ilə bağlı valideynlərə ətraflı tibbi məsləhətlər verilib, ehtiyac yarandığı hallarda uşaqların müvafiq ixtisaslaşmış tibb müəssisələrində müalicə və nəzarətə cəlb olunması üçün tövsiyələr təqdim edilib.

Aksiya çərçivəsində həmçinin valideynlərlə maarifləndirici söhbətlər aparılıb, uşaqların sağlam inkişafı, düzgün qidalanma, peyvəndləmə, mövsümi xəstəliklərin profilaktikası və sağlam həyat tərzi ilə bağlı ətraflı məlumatlar verilib.

Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim heyəti tərəfindən Ağdərə rayonunda ümumilikdə 100-ə yaxın uşaq kompleks müayinələrdən keçirilib.

Uşaqlarda ümumi kliniki, antropometrik ölçülər, görmə, eşitmə müayinələri, ürəyin (exokardioqrafiya), qarın boşluğu orqanlarının USM, nevroloji statusun qiymətləndirilməsi aparılıb.

Qeyd edək ki, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində azad olunmuş ərazilərdə səhiyyə xidmətlərinin mərhələli şəkildə təşkili və əhalinin tibbi təminatının gücləndirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən təşkil olunan bu səyyar tibbi müayinələr də həmin tədbirlərin tərkib hissəsi olmaqla, bölgədə yaşayan uşaqların sağlamlığının qorunmasına mühüm töhfə verir.

Səhiyyə Nazirliyi tərəfindən gələcəkdə də azad olunmuş və yenidən məskunlaşdırılan ərazilərdə uşaqlar və digər əhali qrupları üçün profilaktik və müalicəvi tibbi aksiyaların davam etdirilməsi nəzərdə tutulur.

Fotogalereya

Əlaqəli Xəbərlər