Körpələrdə əlavə qidaya keçid: nə vaxt və necə olmalıdır?
Körpələrin sağlam inkişafında əlavə qidaya düzgün vaxtda və düzgün qaydada başlanması mühüm əhəmiyyət daşıyır.
Pediatr Sahib Cəfərov Operativ Media-ya bildirib ki, ana südü ilə qidalanan körpələr üçün əlavə qidaya başlamağın ən optimal dövrü 6 ay hesab olunur.
Süni və ya qarışıq qidalanan uşaqlarda isə 4–5 aydan etibarən əlavə qidaya keçid mümkündür.
Bu yanaşma World Health Organization (WHO), American Academy of Pediatrics (AAP) və European Society for Paediatric Gastroenterology Hepatology and Nutrition (ESPGHAN) kimi beynəlxalq qurumların tövsiyələrinə uyğundur.
Həkimin sözlərinə görə, əlavə qida ana südünü əvəz etmir, onu tamamlayır. Məqsəd böyüyən uşaq orqanizminin artan qida maddələrinə olan tələbatını ödəməkdir.
Körpənin hazır olduğunu göstərən əlamətlər
Sahib Cəfərov qeyd edib ki, əlavə qidaya başlamaq üçün körpə başını sərbəst saxlamalı, dəstəklə və ya sərbəst otura bilməli, dili ilə qidanı itələmə refleksi zəifləməli, qaşığa maraq göstərməli və qidanı ağzında saxlaya bilməlidir. Bu əlamətlər əsas göstəricilər hesab olunur.
Hansı qidalarla başlanmalıdır?
Pediatrın sözlərinə görə, əlavə qidalanmaya ilk olaraq tərəvəz püreləri ilə başlamaq daha məqsədəuyğundur. Balqabaq, kabaçki, gül kələm və brokkoli püreləri uyğun seçim sayılır. Qidalar duzsuz, şəkərsiz və yağsız hazırlanmalıdır.
Tərəvəzlərdən sonra meyvə pürelərinə keçmək tövsiyə olunur. Bu, uşağın erkən yaşda şirin dada alışmasının qarşısını alır. İlk mərhələdə alma, armud və banan kimi meyvələr seçilə bilər.
Taxıl və zülal məhsulları
Qlütensiz taxıl sıyıqları – düyü, qarabaşaq və qarğıdalı – ilkin mərhələdə tövsiyə olunur və suda və ya ana südündə hazırlanmalıdır.
Ət püreləri (dana, quzu, toyuq) 6 aydan etibarən rasiona əlavə edilə bilər. Balıq isə 8 aydan sonra, mütləq qaynadılmış və sümüksüz şəkildə verilməlidir. Yumurta isə əvvəlcə tam bişmiş sarı hissəsi ilə təqdim olunmalıdır.
Qadağan olunan qidalar
Sahib Cəfərov vurğulayır ki, 1 yaşa qədər bal (botulizm riski səbəbindən), duz və şəkər, şirələr, paketlənmiş qidalar və tam inək südü körpələrə verilməməlidir.
Əsas qaydalar
Yeni qida səhər saatlarında verilməli, “3 gün qaydası” tətbiq olunmalıdır. Əgər uşaq qidanı yaxşı qəbul edirsə, həmin məhsul rasiona müntəzəm daxil edilməlidir. Allergiya qorxusu ilə əlavə qidaların gecikdirilməsi isə düzgün yanaşma hesab olunmur.
