Menyu

Qışda düzgün qidalanma: Immunitet və enerji üçün vacib məsləhətlər

Ayşən Sadıxzadə
Qışda düzgün qidalanma: Immunitet və enerji üçün vacib məsləhətlər

Qış aylarında düzgün qidalanma insan sağlamlığı üçün xüsusilə önəmlidir.

Dietoloq Ceyhunə Yusifova Operativ Media-ya bildirib ki, qışda bədənin enerji ehtiyacı artır, immun sistemi daha həssas olur və düzgün qidalanmadıqda halsızlıq, soyuqdəymə və vitamin-mineral çatışmazlıqları ilə qarşılaşmaq mümkündür:

“Ona görə də payız-qış mövsümündə qidalanmaya xüsusi diqqət göstərmək vacibdir.

Qışda orqanizm bədən istiliyini qorumaq üçün daha çox enerji sərf edir və bu, iştahanın artmasına səbəb ola bilər. Lakin bu ehtiyac şirniyyat, fast-food və boş kalorilərlə deyil, balanslı qidalarla qarşılanmalıdır. 

Kompleks karbohidratlar, məsələn, qarabaşaq, yulaf və qəhvəyi düyü; keyfiyyətli proteinlər, yəni ət, toyuq, balıq, yumurta və mərcimək; sağlam yağlar, məsələn, zeytun yağı, qoz və badam həm enerji verir, həm də uzunmüddətli toxluq hissi yaradır.

Qışda immuniteti gücləndirən qidaların qəbulu da önəmlidir. C vitamini mənbələri olan kivi, portağal, mandarin, limon və kələm; sink və dəmir baxımından zəngin qidalar, yəni qırmızı ət, paxlalılar, yumurta sarısı; həmçinin antioksidantlarla zəngin nar, alma, çuğundur və yaşıl yarpaqlı tərəvəzlər bədəni infeksiyalara qarşı daha dözümlü edir.

İsti yeməklər və şorbalar faydalıdır. Mərcimək şorbası, toyuq suyu ilə hazırlanmış şorbalar və tərəvəzli isti yeməklər bədəni içəridən isidir, maye balansını qoruyur və toxluq hissini artırır.

Su içməyi unutmaq olmaz. Gün ərzində ən azı 2–2,5 litr su içmək vacibdir. Bitki çayları, məsələn, zəncəfil, adaçayı və çobanyastığı, əlavə olaraq faydalı ola bilər.

Şəkər və ağ undan uzaq durmaq önəmlidir. Həddindən artıq şəkər immuniteti zəiflədir, çəki artımına səbəb olur və enerji dalğalanmaları yaradır. Şirniyyat əvəzinə meyvələr, quru meyvələr və tünd şokoladın ölçülü istifadəsi daha sağlam seçimdir”.

Dietoloq vurğulayır ki, qidalanma fərdi olmalıdır:

“Hər kəsin yaşı, sağlamlıq vəziyyəti, fiziki aktivliyi və mövcud xəstəlikləri fərqlidir. Xüsusilə qanazlığı, tiroid problemləri, şəkər və insulin dirənci, mədə-bağırsaq problemləri olan şəxslər qışda qidalanmanı fərdi şəkildə tənzimləməlidirlər”.

Əlaqəli Xəbərlər