Menyu

Oruc tutmaq sağlamlığa necə təsir edir? - Həkim danışır

Ayşən Sadıxzadə
Oruc tutmaq sağlamlığa necə təsir edir? - Həkim danışır
“Aparılan elmi araşdırmalar göstərir ki, düzgün qaydada saxlanılan oruc insulin həssaslığını artıra, lipid profilini yaxşılaşdıra və maddələr mübadiləsinin tənzimlənməsinə müsbət təsir göstərə bilər. Hüceyrə səviyyəsində yenilənmə proseslərinin aktivləşməsi də məhz bu mexanizmlərlə izah olunur”.

Bu sözləri Operativ Media-ya terapevt Sübhan Hacıyev deyib.


Bəs kimlər oruc tuta bilər, kimlər üçün isə bu risklidir?

Həkimin sözlərinə görə, xroniki xəstəlikləri olan şəxslər oruc məsələsində xüsusilə diqqətli olmalıdırlar. Ürək çatışmazlığı və aşağı atım fraksiyası ilə müşayiət olunan ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, I tip şəkərli diabet və insulin asılılığı olan xəstələr, xroniki böyrək xəstəliyi olanlar (xüsusilə hemodializ alan və elektrolit pozğunluğu riski yüksək olan şəxslər), həmçinin kəskin mədə-bağırsaq xəstəlikləri və mədə, onikibarmaq bağırsağın qanamaya meyilli xora formaları olan xəstələr üçün uzun müddət ac qalmaq ciddi fəsadlara səbəb ola bilər.

“Bu hallarda oruc sağlamlığa fayda deyil, əksinə zərər verə bilər”, – deyə həkim vurğulayıb.

Terapevt onu da qeyd edib ki, oruc tutmaq qərarı verən hər kəs, xüsusilə də xroniki xəstəliyi olanlar, öncədən mütləq həkim müayinəsindən keçməlidirlər. Onun sözlərinə görə, hər bir orqanizm fərqlidir və fərdi yanaşma vacibdir. Düzgün tibbi qiymətləndirmə aparılmadan qəbul edilən qərar sağlamlıq üçün risk yarada bilər.
Sonda həkim əlavə edib ki, oruc sağlam insanlar üçün faydalı ola bilsə də, müəyyən xəstəlikləri olan şəxslər üçün təhlükəli nəticələrə səbəb ola bilər. Əsas prinsip isə sağlamlığa zərər verməməkdir.

Əlaqəli Xəbərlər