Menyu

Qan təzyiqini necə normada saxlamaq olar? - Tövsiyələr

Ayşən Sadıxzadə
Qan təzyiqini necə normada saxlamaq olar? - Tövsiyələr

“Arterial təzyiqin həm yüksəlməsi, həm də həddindən artıq düşməsi müxtəlif səbəblərlə bağlı ola bilər. Təzyiqin aşağı düşməsinə maqnezium çatışmazlığı, hipotireoidizm, eləcə də bəzi nevroloji problemlər səbəb ola bilər”.

Bu sözləri Operativ Media-ya terapevt-hepatoloq Sevinc Abasova deyib. 

O bildirib ki, bəzi hallarda isə təzyiq xarici amillərin təsiri ilə azalır:

“Məsələn, isti hava və ya günvurma zamanı damarlar genişlənir və nəticədə arterial təzyiq düşür.

Əgər təzyiqin enməsi maye itkisi və ya qan itkisi ilə bağlıdırsa, ilk növbədə itirilmiş maye və ya qan bərpa olunmalıdır. Belə hallarda xəstəyə maye terapiyası və ya lazım gələrsə qan köçürülməsi tətbiq edilir.

Təzyiqi qaldırmaq üçün isti mühitdən uzaq durmaq, kifayət qədər maye qəbul etmək tövsiyə olunur. Şərbət, qəhvə kimi içkilər müvəqqəti olaraq təzyiqi artıra bilər. Qidaya bir qədər duz əlavə edilməsi də arterial təzyiqi yüksəldə bilər.

Qan təzyiqini necə normada saxlamaq olar?

Eyni zamanda böyrək funksiyası mütləq yoxlanmalıdır. Çünki bəzi hallarda böyrək çatışmazlığı fonunda da təzyiq düşə bilər. Belə vəziyyətlərdə səbəbə uyğun olaraq medikamentoz müalicə tətbiq olunur”.

Qan təzyiqini normada saxlamaq üçün ilk növbədə sağlam həyat tərzi vacibdir. Normal təzyiq adətən 120/80 mmHg hesab olunur. Bunun üçün duz istifadəsini azaltmaq lazımdır; gündə 5 qramdan çox duz qəbul etmək məsləhət görülmür. Qidalanmada tərəvəz, meyvə, tam taxıllar və az yağlı məhsullara üstünlük verilməlidir. Yağlı, qızardılmış və çox duzlu yeməklərdən uzaq durmaq faydalıdır.

Müntəzəm fiziki aktivlik də çox önəmlidir. Həftədə ən azı 5 gün, gündə 30 dəqiqə sürətli yerimə, üzgüçülük və ya velosiped sürmək təzyiqi tənzimləməyə kömək edir. Artıq çəki varsa, arıqlamaq təzyiqin aşağı düşməsinə müsbət təsir göstərir.

Stressi azaltmaq, kifayət qədər (7–8 saat) yatmaq və dincəlmək də təzyiqin normada qalmasına kömək edir. Siqaret çəkməmək və alkoqolu məhdudlaşdırmaq da vacibdir.

Əgər təzyiq tez-tez 140/90 mmHg və ya daha yüksək olursa, bu halda həkimə müraciət etmək lazımdır. Müntəzəm olaraq təzyiqi ölçmək və lazım gələrsə, həkimin təyin etdiyi dərmanları qəbul etmək vacibdir.


Əlaqəli Xəbərlər