Çikunqunya nədir və onun simptomları hansılardır?
Xəbər verdiyimiz kimi, Ermənistanda ilk çikunqunya qızdırması hadisəsi qeydə alınıb.
Bəs çikunqunya qızdırması nədir və hansı əlamətlərlə özünü göstərir?
Mövzu ilə bağlı Operativ Media-ya infeksionist Adil Qeybulla danışıb.
Onun sözlərinə görə, çikungunya qızdırması virus mənşəli yoluxucu xəstəlikdir və əsasən ağcaqanadlar vasitəsilə yayılır:
"Xəstəlik adətən kəskin başlanır və ağır intoksikasiya əlamətləri ilə müşayiət oluna bilər. Xəstəliyin əsas simptomlarına yüksək hərarət, güclü halsızlıq, əzələ, bel ağrıları və baş ağrısı daxildir. Ən xarakterik əlamət isə güclü oynaq ağrılarıdır (artralgiya). Məhz bu ifadəli oynaq ağrıları və iltihabi dəyişikliklər xəstəliyin artritəbənzər, yəni artropatik gedişi ilə xarakterizə olunmasına səbəb olur. Bəzi hallarda oynaq ağrıları uzun müddət davam edərək xəstənin gündəlik həyatına təsir göstərə bilər".
Adil Qeybulla bildirib ki, xəstəliyin genişmiqyaslı pandemiyaya çevrilmə riski yüksək hesab edilmir:
"Lakin müəyyən dövrlərdə lokal alovlanmalar, yəni epidemiya halları baş verə bilər. Belə vəziyyətlərdə profilaktik və sanitariya tədbirlərinin görülməsi yayılmanın qarşısının alınmasında mühüm rol oynayır.
Transsərhəd yoluxma riskləri də nəzərə alınmalıdır. Xüsusilə qızdırma, üşütmə və oynaq ağrısı şikayətləri olan şəxslər vaxtında tibbi nəzarətə götürülməlidir. Zərurət yarandıqda epidemioloji baxımdan riskli hesab edilən şəxslərə karantin tədbirləri tətbiq oluna bilər".
