Deputat: Prezident İlham Əliyevin sülh strategiyası regionda riskləri minimuma endirib
Sülh Şurasının dünən Vaşinqtonda keçirilən ilk iclasında təsisçi dövlətin rəhbəri səviyyəsində Prezident İlham Əliyevin iştirakı bir daha göstərdi ki, dövlət başçısının xarici siyasət strategiyası bütün diplomatik və siyasi incəlikləri özündə peşəkar şəkildə ehtiva edir.
Bu fikirləri Operativ Media-ya açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib.
Deputatın sözlərinə görə, dünyanın ən böyük siyasi, iqtisadi, hərbi və maliyyə güclərindən biri olan Amerika Birləşmiş Ştatları ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlığın qurulması Prezident Əliyevin ardıcıl və məqsədyönlü diplomatik fəaliyyətinin nəticəsidir.
O qeyd edib ki, substantiv məsələlərin həlli baxımından Prezident Donald Trampın intensiv təmasda olduğu dünya liderləri sırasında Azərbaycan Prezidenti ön sıralarda yer alır.
Deputat vurğulayıb ki, dövlət başçısının yeni status-kvoya əsaslanan sülh strategiyası və region sərhədlərini aşan əməkdaşlıq modeli bölgədəki risklərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Real təhlükə mənbəyi kimi qiymətləndirilən Ermənistanın potensial əməkdaşa çevrilməsi istiqamətində atılan addımlar da beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir.
Bu kontekstdə Aleksandar Vuçiçin paytaxt Belqradda Serbiya mətbuatına verdiyi açıqlama xüsusi qeyd olunub. Vuçiç bildirib: “Bu gün Prezident Əliyevlə dünyada və Avropada baş verən bütün mühüm məsələləri müzakirə etdik. Bir-birimizlə məsləhətləşdik, mən ondan öyrəndim və bəzi prosesləri daha dərindən anlamaq imkanı qazandım”.
Deputat əlavə edib ki, qalib Azərbaycanın uğurları regionda müəyyən qüvvələri narahat edir. Buna cavab olaraq ölkəmizə və siyasi rəhbərliyə qarşı müxtəlif formalı çirkin kampaniyalar intensivləşdirilir.
Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa, mövqelərini və təşəbbüskarı olduğu layihələri sarsıtmağa hesablanmış qara-yaxma kampaniyaları əvvəlkilər kimi uğursuzluğa düçar olacaq. Ölkədə xalq–rəhbər birliyi möhkəmdir və məhz bu birlik qarşıya qoyulan məqsədlərin reallaşmasını təmin edir.
