Azərbaycanın növbəti humanitar yardım yükü Kiyev şəhərinə təhvil verilib
Azərbaycan dövləti tərəfindən Ukraynada humanitar yardım çərçivəsində nəzərdə tutulan enerji avadanlıqlarından ibarət növbəti yük Kiyev şəhərinə təhvil verilib.
Operativ Media Azərtac-a istinadən xəbər verir ki, enerji avadanlıqlarının təhvilvermə mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko və digər rəsmi şəxslər iştirak ediblər.
Göndərilən avadanlıqların ümumi dəyəri 1 milyon dollar təşkil edir. Buraya 12 aşağıgərginlikli panel, 11 generator, 5 transformator, 27 min metrə yaxın kabel və naqillər daxildir.
Ukrayna energetika nazirinin müavini Nikolay Kolesnik AZƏRTAC-a açıqlamasında bildirib ki, beynəlxalq birlik Ukraynanın enerji infrastrukturunun bərpası üçün yardımlarını davam etdirir. “Azərbaycan dövləti də sistemli şəkildə Ukraynaya dəstək verir. Göndərilən enerji avadanlıqları səhiyyə və digər sosialyönümlü obyektlərin enerji ilə təmin edilməsi üçün enerji və kritik infrastrukturların bərpasında istifadə ediləcək”, - deyə Nikolay Kolesnik əlavə edib.
Xatırladaq ki, ümumilikdə ölkəmizin Ukraynaya göndərdiyi humanitar, bərpa və yenidənqurmayönümlü dəstəyin həcmi 45 milyon dolları ötüb.