Kimlər donor ola bilər? - AÇIQLAMA
Orqan köçürülməsi ağır xəstəliklər zamanı həyat qurtaran tibbi müdaxilədir. Ancaq hər kəs donor ola bilmir. Donorluq üçün həm hüquqi, həm də tibbi baxımdan müəyyən şərtlər mövcuddur və bu şərtlər orqandan asılı olaraq dəyişə bilər.
Ümumi cərrah, transplantoloq Tariyel Nadirov bu barədə Operativ Media-ya danışıb.
O bildirib ki, böyrək və qaraciyər transplantasiyasında hüquqi baxımdan şərtlər eyni olsa da, tibbi meyarlar arasında müəyyən fərqlər mövcuddur:
“Hüquqi baxımdan həm böyrək, həm də qaraciyər transplantasiyası üçün 18 yaşı tamamlamış şəxslər donor ola bilərlər. Birinci dərəcəli ailə üzvləri Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən müvafiq transplantasiya mərkəzində qeydiyyatdan keçməklə donor ola bilirlər. Daha uzaq qohumluq əlaqəsi və ya donorla resipiyent arasında mənəvi bağlılıq olduğu hallarda isə məsələ Səhiyyə Nazirliyinin nəzdində yaradılmış Etika Komissiyasında araşdırılır və müsbət rəy olduğu halda donorluğa icazə verilir. Bütün hallarda könüllülük prinsipi əsas şərtdir.
Tibbi baxımdan böyrək transplantasiyasında əsas meyarlar qan qrupu uyğunluğu və toxuma (HLA) uyğunluğudur. Bununla yanaşı, donorun ümumi sağlamlıq vəziyyəti qiymətləndirilir: böyrək funksiyaları, digər orqan və sistemlərin durumu yoxlanılır. Aktiv infeksiyası, onkoloji xəstəliyi, şəkərli diabeti və nəzarətsiz arterial hipertenziyası olan şəxslər donor ola bilməzlər.
Qaraciyər transplantasiyasında hüquqi şərtlər eyni olsa da, tibbi fərqlər mövcuddur. Donor üçün yaş həddi adətən 18–55 arası götürülür və 55 yaşdan yuxarı şəxslərin qaraciyər donoru olması tövsiyə edilmir. Donorun qaraciyərinin həcmi, funksional vəziyyəti və yağlanma dərəcəsi xüsusi olaraq qiymətləndirilir. Aktiv infeksiya, onkoloji xəstəlik, şəkərli diabet kimi hallar burada da əks göstərişdir. Qaraciyər transplantasiyasında toxuma uyğunluğu testi tələb olunmur, əsas meyar qan qrupu uyğunluğudur.
Həm böyrək, həm də qaraciyər transplantasiyasında rezus faktorunun (Rh) uyğunluğu əsas meyar sayılmır və nəzərə alınmır”.
