Dövlət xidməti 450 milyon zərərli hücumun qarşısını alıb
2025-ci ildə “AzStateNet” şəbəkəsinə daxil olan dövlət qurumlarında təxminən 450 milyon zərərli hücumun qarşısı alınıb və ölkədə mərkəzləşdirilmiş təhlükəsizlik divarları yaradılıb. Dövlət qurumlarına internet xidməti göstərən bu sistem vasitəsilə kiberhücumların qarşısının alınması təmin edilir.
Operativ Media xəbər verir ki, bunu XRİTDX-in “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” tədbirində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov bildirib.
Onun sözlərinə görə, daxil olan zərərli proqramların təhlili üçün “Sandbox” sistemi yaradılıb. 2025-ci ildə bu sistemdə təxminən 96 milyon zərərli nasazlıq aşkar edilib və onların yayılmasının qarşısı alınmışdır.
Bundan əlavə, dövlət qurumlarında təxminən 50 milyon istifadəçini əhatə edən mərkəzləşdirilmiş antivirus sistemi fəaliyyət göstərir. Bu sistem vasitəsilə dövlət qurumlarında təxminən 6 milyon zərərli proqram müəyyən edilərək qarşısı alınmışdır.