Menyu

XİN: Vətəndaşlarımıza müvafiq dəstək göstərilməsi istiqamətində tədbirlər görülür

Operativ Media
XİN: Vətəndaşlarımıza müvafiq dəstək göstərilməsi istiqamətində tədbirlər görülür

Yaxın Şərqdə hərbi eskalasiyanın başladığı ilk gündən etibarən Azərbaycanın bölgədə yerləşən səfirlik və baş konsulluqları fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir, vətəndaşlara müvafiq dəstəyin göstərilməsi istiqamətində tədbirlər görülür.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli mətbuatın sualına cavabında bildirib.

Onun sözlərinə görə, indiyədək bir nəfər istisna olmaqla vətəndaşlarımız arasında xəsarət alan olmayıb.

Qeyd olunub ki, bu gün Azərbaycan Hava Yollarına məxsus xüsusi reyslə Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı ölkəyə təxliyyə edilib.

Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərində olan vətəndaşların müntəzəm reyslərlə geri qayıdışı davam edir. Dünən ümumilikdə 257 nəfər Azərbaycan vətəndaşı ölkəyə qayıdıb. Dubay şəhərindən bu gün bir, martın 5-də isə iki müntəzəm reys nəzərdə tutulub.

Həmçinin hazırda Qətərdə olan 200 nəfər vətəndaşın xüsusi reyslə təxliyəsi istiqamətində iş aparılır. Qətərin hava məkanı bağlı olduğundan, vətəndaşların Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır.

Bildirilib ki, İran ərazisində olan vətəndaşların çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhədlərindən istifadə edilir. İndiyədək 260 nəfər vətəndaşımız Azərbaycan sərhədindən keçid edib.

XİN bölgədə olan vətəndaşları təhlükəsizlik vəziyyətini diqqətlə izləməyə, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyə, kütləvi toplaşma yerlərindən uzaq durmağa və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.

Əlaqəli Xəbərlər