Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Macarıstanın Kiyevdəki səfirliyinin müvəqqəti işlər vəkili Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat verib.
Nazirliyin saytında bildirilir: "Macarıstanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Avstriya ilə Ukrayna arasında nağd pul daşıyan "Oschadbank"ın işçilərinin saxlanılması ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb".
Qeyd edək ki, martın 5-də Macarıstanda Ukrayna dövlətinə məxsus "Oschadbank"dan qiymətli əşyaların daşınması üçün istifadə edilən iki zirehli maşın müsadirə edilib.
Macarıstan Milli Vergi və Gömrük Administrasiyası Ukrayna xüsusi xidmət orqanlarının keçmiş generalı da daxil olmaqla, yeddi Ukrayna vətəndaşının həbs olunduğunu elan edib.
Macarıstan hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar Avstriyadan Ukraynaya ümumilikdə 40 milyon dollar, 35 milyon avro və 9 kq qızıl daşıyırdılar. Onlara qarşı çirkli pulların yuyulması işi açılıb.