Kiyevdə Azərbaycana dair esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, Ukraynanın nüfuzlu ali məktəblərin 200-ə yaxın tələbəsinin iştirak etdiyi müsabiqədə Azərbaycanın Zəfər tarixi, suverenliyi, iki ölkə arasında tarixi münasibətlərə dair müxtəlif mövzular üzrə esse yazılıb.
Müsbiqənin qaliblərinin mükafatlandırılması mərasimi ilk olaraq Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunda keçirilib. Mükafatlandırılma mərasimindən öncə geniş auditoriya qarşısında çıxış edən ölkəmizin Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukrayna-Azərbaycan əməkdaşlığının inkişafı kontekstində gənclərlə işin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, müsabiqənin qalibləri arasında gələcək diplomatlar da var. Bəlkə də gələcəkdə bu gənclər ölkələrimiz arasında əməkdaşlığın inkişafında iştirak edəcəklər. Sonra institutun direktoru Valeri Kopeyka çıxış edərək qeyd edib ki, ölkələrimiz həmişə bir-birinə dost olub, Ukrayna ilə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır və dövlətlərimizin rifahı naminə inkişaf edir.
Çıxışlardan sonra müsabiqənin qaibləri mükafatlandırılıb.
Müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi daha sonra Kiyev Politexnik İnstitutunda keçirilib. Mərasimdən əvvəl səfir və ali təhsil ocağının rektoru Anatoli Melniçenko arasında görüş keçirilib. Görüşdə Azərbaycan və Ukrayna ali təhsil ocaqları arasında əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. Sonra səfir qalibləri mükafatlandırıb.
Müsabiqənin qalibi Katarina Mamoşina çıxışında Azərbaycan səfirliyinin dəstəyi ilə təşkil edilən ümumukrayna müsabiqəsində iştirak etmək imkanına görə təşəkkür edib. “Bu gün ölkənin suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək tammiqyaslı müharibə kontekstində çox vacib bir mövzudur. Bu məsələ həm Ukrayna, həm də Azərbaycan üçün həqiqətən də vacib bir mövzudur. Belə müsabiqələr Azərbaycan və Ukrayna arasında əməkdaşlığın inkişafına töhfə verir”, - deyə Katarina Mamoşina əlavə edib.
Müsabiqənin daha bir qalibi Dmitro Kovtun qeyd edib ki, bu cür müsabiqənin keçirilməsi Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın hüquqi çərçivəsini, eləcə də bugünkü dünyada ərazi bütövlüyü və suverenliyi məsələlərini daha da araşdırmaq imkanı verir. “Mən bu müsabiqədə iştirak etməklə Azərbaycanı daha yaxından öyrənmək imkanını əldə etdim. Bu fürsəti yaratdığına görə, Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm”,-deyə o əlavə edib.