Əraqçi: İran özünü müdafiə etməyə hazırdır
Tehran bir dəfə də olsun, atəşkəs xahişi ilə Vaşinqtona müraciət etməyib, İslam Respublikası lazım olduğu qədər müdafiə oluna bilər.
Operativ Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "CBS" telekanalına müsahibəsində bildirib.
"Xeyr, biz bir dəfə də olsun, atəşkəs xahişi ilə müraciət etməmişik, eləcə də danışıqların təşəbbüskarı olmamışıq. Biz müdafiəmizi nə qədər lazımdırsa, o qədər təmin etmək iqtidarındayıq", - deyə o bəyan edib.
İran XİN rəhbəri həmçinin qeyd edib ki, İran ABŞ ilə danışıqlara başlamaq üçün hər hansı ciddi səbəb görmür.
"Xalqımızı bu təcavüz aktından qorumaq üçün kifayət qədər sabitliyə və gücə malikik. Amerika tərəfi ilə danışıqlar aparmaq üçün əsas görmürük. Əvvəllər onlarla bizə hücum etdikləri məqamda dialoqa girmişdik, oxşar vəziyyət ikinci dəfə də təkrarlandı. Amerikalılarla qarşılıqlı əlaqədə müsbət təcrübəmiz yoxdur", - deyə Əraqçi vurğulayıb.