Azərbaycan biznes turizmi potensialını ilk dəfə Honq Konqda təqdim edir
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) bu gün və sabah Çinin xüsusi inzibati ərazisi olan Honq Konq şəhərində keçiriləcək "Connect Marketplace Hong Kong" 2026 (CMHK) tədbirində ölkənin biznes turizmi potensialını ilk dəfə təqdim edir.
Operativ Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, ATB tədbirdə yerli turizm sənayesi tərəfdaşları, Bakı Konqres Mərkəzi və "MICE & Travel" şirkəti ilə birlikdə Azərbaycanı təmsil edir.
Platforma çərçivəsində Azərbaycanın işgüzar turizm sahəsində artan potensialı, eləcə də beynəlxalq konfranslar və irimiqyaslı tədbirlərin təşkili üçün mövcud infrastruktur və imkanlar beynəlxalq iştirakçılara təqdim olunur.
"Connect Marketplace Hong Kong" (CMHK) Asiya regionunda işgüzar tədbirlər sənayesi üzrə aparıcı B2B platformalardan biri hesab olunur və qlobal alıcılar ilə təchizatçıları bir araya gətirərək yeni tərəfdaşlıqların qurulmasını təşviq edir.
Tədbir iştirakçılara əsas qərarverici şəxslərlə birbaşa əlaqə qurmaq, Asiya bazarında mövqelərini genişləndirmək və biznes əlaqələrini inkişaf etdirmək üçün əlverişli imkan yaradır.