Ceyhun Bayramov Ər-Riyadda Nazirlərin Məşvərət Görüşündə iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Yaxın Şərq regionunun təhlükəsizliyi və sabitliyinə dəstək yolları ilə bağlı məsləhətləşmələr və əlaqələndirmə məqsədi ilə Nazirlərin Məşvərət Görüşündə iştirak edib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Müzakirələr zamanı nazir fevralın 28-dən regionda baş verən ciddi böhranın aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Qeyd olunub ki, eskalasiyanın nəticələri ayrı-ayrı ölkələri əhatə edir, daha geniş regional və qlobal risklər yaradır, mülki əhalinin həyatını və infrastrukturunu təhlükə altına alır.
Nazir martın 5-də İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına yönəlmiş pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 4 mülki şəxsin yaralanması, mühüm infrastruktur obyektlərinə, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanına xeyli ziyan vurması barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini bütün qanuni vasitələrlə qorumaq əzmini bir daha təsdiq edərək, buna çevik və qətiyyətlə cavab verdiyi vurğulanıb.
Nazir hadisənin hərtərəfli araşdırılması ilə bağlı İran tərəfinin verdiyi vədlərin yerinə yetiriləcəyinə və hər hansı bir hadisənin təkrarlanmaması üçün lazımi tədbirlərin görüləcəyinə ümid etdiyini bir daha vurğulayıb.
Nazir həmçinin Azərbaycanın müharibədən sonra gördüyü işlər, o cümlədən martın 18-də Novruz bayramı və Ramazan bayramı ərəfəsində İrana göndərilmiş sonuncu humanitar yardım, üçüncü dövlətlər tərəfindən yardımların çatdırılması və mülki şəxslərin təxliyəsi üçün ərazisinin istifadəsinin asanlaşdırılması barədə məlumat verib.
Bir daha vurğulanıb ki, münaqişə coğrafiyasının genişlənməsi təhlükəlidir və dərhal dayandırılmalıdır. Qeyd edilib ki, regional dövlətlərin hədəfə alınmasının davam etməsi parçalanmaların dərinləşməsi və uzunmüddətli sabitliyin pozulması riski daşıyır.
Bu kontekstdə sülh və təhlükəsizliyin təmin edilməsində regional mülkiyyət və məsuliyyətin vacibliyi vurğulanıb.
Sonda bildirilib ki, beynəlxalq hüququn əsas prinsiplərinə – suverenliyə və ərazi bütövlüyünə hörmət, gücdən istifadə etməmək və daxili işlərə qarışmamaq kimi prinsiplərə ciddi riayət olunması regionda dayanıqlı sülh və sabitliyə aparan yeganə yoldur.