Menyu

Bayramda düzgün qidalanma necə olmalıdır?

Operativ Media
Bayramda düzgün qidalanma necə olmalıdır?

Bayram süfrələri hər kəs üçün sevinc mənbəyi olsa da, həzm sistemi üçün çox vaxt yüklənmə yaradır.

Bayramda düzgün qidalanma necə olmalıdır?

Mövzu ilə bağlı Operativ Media-ya danışan qida eksperti Asim Vəliyev bildirib ki, nə qədər yeməklə bərabər, hansı ardıcıllıqla yemək də vacibdir:

“Qan şəkərinizin birdən-birə yüksəlib sizi yormasını istəmirsizsə, lif-zülal-karbohidrat zəncirinə əməl etmək lazımdır.

İlk olaraq yaşıl salatlara və tərəvəzlərə üstünlük vermək lazımıdır. Daha sonra ət və ya balıq kimi zülallara keçmək olar. Ən sonda isə plov və ya xəmir xörəkləri kimi karbohidratlara yer ayırmaq olar. Bu sadə taktika insulin səviyyəsini sabit saxlaya və yeməkdən sonra ağırlaşma hissini aradan qaldıra bilər.

Bayram süfrələrinin ən böyük tələsi eyni anda bir neçə ağır qidanı qarışdırmaqdır. Məsələn, yağlı bir aşın ardınca dərhal paxlava, ya şəkərbura yemək maddələr mübadiləsini zəiflədir. Bədən bu qədər enerjini eyni anda emal edə bilmir. Şirniyyatı yeməkdən dərhal sonra yox, ən azı iki saatlıq fasilədən sonra, bir fincan bitki çayı ilə dadmaq daha məsləhətlidir.

Digər bir məqam yeməklərin süfrədə qalma müddətidir. Bayram söhbətləri uzandıqca, mayonezli salatlar və ət xörəkləri otaq temperaturunda saatlarla qalır. 2 saatdan sonra həmin qidalar bakteriyaların sürətlə çoxaldığı bir mühitə çevrilir. 

Salatlarımıza təbii alma sirkəsi, ya bol limon sıxa bilərik. Bu hal nişastanın parçalanmasını yavaşladır və həzmi asanlaşdırır.

Yeməkdən 20 dəqiqə sonra evdə, ya həyətdə edəcəyiniz cəmi 15 dəqiqəlik yüngül gəzinti, həzm prosesini sürətləndirə bilər.

Yemək zamanı buzlu və qazlı içkilərdən uzaq durmaq lazımdır. Otaq temperaturunda su və ya təbii şirələr daha yaxşı seçimdir”.

Əlaqəli Xəbərlər