Paşinyan: Tarixi məqamı düzgün qiymətləndirməliyik
Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdan gələn parlament seçkilərində müxalifətin qələbə qazanacağı ehtimalını istisna etdiyini bildirib.
Operativ Media xəbər verir ki, o, bu barədə parlamentdə çıxışı zamanı danışıb.
Baş nazir qeyd edib ki, son bir ay ərzində vətəndaşlarla ünsiyyəti, onların əhval-ruhiyyəsi və ümumi ictimai ab-hava bu qənaətə gəlməsinə əsas verir:
“Bunu niyə deyirəm? Təkcə son bir ay ərzində xalqla ünsiyyətim və onların əhval-ruhiyyəsini, danışıq tərzini görmək buna əsas verir. Üstəlik, tarixi dövrlər də var”.
Paşinyanın sözlərinə görə, Ermənistan cəmiyyəti uzun müddət davam edən münaqişəli mərhələdən sonra müəyyən bir inkişaf mərhələsinə çatıb və bu mərhələdən geri dönüş edərək yalnız mövcudluğu qoruma gündəminə qayıtması inandırıcı deyil:
“Tarixi məqamı düzgün qiymətləndirməliyik”.
Baş nazir müxalifəti Ermənistan ilə Azərbaycan arasında davam edən sülh prosesinə yanaşmasına görə tənqid edib. O bildirib ki, müxalif qüvvələr sülh məsələsinə fərqli və riskli yanaşmalar sərgiləyir:
“Onlar sülhü zorla qəbul etdirmək, güc yolu ilə sülh yaratmaq kimi yanaşmalar istifadə edirlər. Bu, demək olar ki, müharibə yoluna qayıtmaqdır”.
Paşinyan konkret olaraq keçmiş prezident Robert Köçəryan, iş adamı və siyasətçi Samvel Karapetyan və partiya lideri Qaqik Sarukyan daxil olmaqla müəyyən siyasi dairələri nəzərdə tutduğunu bildirib.
Onun sözlərinə görə, həmin qüvvələr mövcud sülh prosesinin qorunmasını və davam etdirilməsini prioritet hesab etmir.