Menyu

Sahibə Qafarova: Azərbaycan ilə Çin arasında münasibətlər yeni səviyyəyə yüksəlib

Operativ Media
Sahibə Qafarova: Azərbaycan ilə Çin arasında münasibətlər yeni səviyyəyə yüksəlib

Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Asiya üçün Boao Forumunın İllik Konfransında çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Operativ Media-ya bildirlib ki, spiker Sahibə Qafarova çıxışında ilk olaraq, Boao Forumunun əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, 25 ildən artıq müddətdə Forum öz dəyərini sübut edib, liderlərin və ekspertlərin bir araya gələrək praktik həll yolları irəli sürdüyü, davamlı inkişafı təşviq etdiyi və beynəlxalq əməkdaşlığı gücləndirdiyi bir məkan kimi tanınıb.

Milli Məclisin sədri çıxışında, həmçinin müasir beynəlxalq arenada Çinin artan roluna diqqət çəkərək, deyib ki, Çin bu günün beynəlxalq münasibətlər sistemində mühüm və konstruktiv rol oynayır.

Azərbaycan və Çin münasibətlərindən də danışan Milli Məclisin sədri deyib ki, ortaq baxışlar ölkələri bir-birinə yaxınlaşdırır. Onun sözlərinə görə, gələn il - Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd etməyə hazırlaşdığımız bir vaxtda, bu münasibətlər artıq yeni səviyyəyə yüksəlib.

Spiker Sahibə Qafarova çıxışında Azərbaycanın qlobal təşəbbüsləri barədə tədbir iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan fəal şəkildə Qlobal Cənubun maraqlarını təşviq edib və Hərəkatın institusional əsaslarının möhkəmləndirilməsinə töhfə verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda Azərbaycan Milli Məclisinin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi parlamentlərarası əməkdaşlıq vasitəsilə ümumi məqsədlərə nail olmaq üçün mühüm platforma təqdim edir.

Həmçinin, diqqətə çatdırılıb ki, COP29-a ev sahibliyi edən Azərbaycan Qlobal Şimal və Cənub arasında fikir ayrılıqlarını aradan qaldırmaq və qlobal iqlim gündəliyi üzrə əsas nəticələrin əldə olunmasına töhfə vermək üçün fəal çalışıb.

Spiker Azərbaycanın, həmçinin Qlobal Bakı Forumu kimi platformalar vasitəsilə sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi kimi məsələlər üzərində fəal işləməyə davam etdiyini də vurğulayıb.

Milli Məclisin sədri, həmçinin Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini, o cümlədən 2026-cı ilin payızında Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu üzrə Müşavirənin Zirvə Toplantısının keçiriləcəyini xatırladaraq, deyib ki, bu da ölkəmizin beynəlxalq əməkdaşlığa sadiqliyini daha da möhkəmləndirəcək.

Milli Məclisin sədri çıxışında, həmçinin diqqətə çatdırıb ki, son qlobal proseslər bir daha göstərdi ki, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya strateji baxımdan nə qədər vacibdir. Azərbaycanın Avrasiya üzrə əsas nəqliyyat qovşaqlarından birinə çevrildiyi, “Bir Kəmər, Bir Yol” təşəbbüsünün ilk dəstəkçilərindən biri kimi, onun inkişafına fəal şəkildə töhfə verməyə davam etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Çindən sonra bu təşəbbüsə ən böyük sərmayə qoyan ikinci ölkədir.

Bildirilib ki, bu gün Orta Dəhliz Avropanı Mərkəzi Asiya və Çin ilə Xəzər dənizi vasitəsilə birləşdirən ən optimal və təhlükəsiz marşrutlardan biri olduğunu sübut edib. Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində ölkəmizin qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası Orta Dəhlizin səmərəliliyini daha da artıracaq. Xüsusilə, Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən etibarlı və səmərəli marşrut kimi özünü doğruldur.

Əlaqəli Xəbərlər