Yuxu rejimini necə sabit saxlamaq olar?
“Yuxu insan sağlamlığının əsas sütunlarından biridir. Keyfiyyətli və nizamlı yuxu yalnız fiziki deyil, həm də psixi sağlamlıq üçün vacibdir. Müasir həyat tərzi, stres, texnologiyadan həddindən artıq istifadə isə yuxu rejiminin pozulmasına səbəb olur”.
Bu sözləri Operativ Media-ya açıqlamasında nevroloq Röyanə Quluzadə deyib.
Bəs yuxu rejimini necə sabit saxlamaq olar?
O bildirib ki, bunun üçün birinci ən vacib məsələ eyni saatda yatmaq və oyanmaqdır:
“Orqanizmin bioloji saatı (sirkadiyan ritm) sabitliyi sevir. Hər gün – hətta həftəsonları belə – eyni saatda yatmaq və oyanmaq yuxu keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
İkincisi yatmazdan əvvəl ekranlardan uzaq durun. Telefon, planşet və televizorun yaydığı mavi işıq melatonin hormonunun ifrazını azaldır. Bu isə yuxuya getməyi çətinləşdirir.
Yatmazdan ən azı 1 saat əvvəl ekran istifadəsini məhdudlaşdırmaq tövsiyə olunur.
Yuxu üçün mühitini düzgün qurulması da çox vacibdir. Belə ki,yataq otağı sakit, qaranlıq və sərin olmalıdır. Rahat döşək və yastıq seçimi də yuxunun keyfiyyətinə təsir edir.
Yuxudan əvvəl kofein və ağır qidalardan uzaq durmaq məsləhətdir.
Axşam saatlarında qəhvə, çay və enerji içkilərindən istifadə yuxunu poza bilər. Həmçinin, yatmazdan əvvəl ağır və yağlı yeməklərdən çəkinmək lazımdır.Gün ərzində fiziki aktiv olmaq gecə daha rahat yuxuya getməyə kömək edir. Lakin yatmazdan əvvəl intensiv idman məsləhət görülmür.
Günorta yuxusunu məhdudlaşdırmaq vacibdir.
Belə ki uzun müddətli gündüz yuxuları gecə yuxusunun pozulmasına səbəb ola bilər. Əgər ehtiyac varsa, 20–30 dəqiqəlik qısa yuxu kifayət edir”.
