Menyu

Bədənin susuz qaldığını göstərən əlamətlər hansılardır?

Ayşən Sadıxzadə
Bədənin susuz qaldığını göstərən əlamətlər hansılardır?

Bədənin susuzlaşması, yəni tibbi dildə Dehidratasiya, orqanizmdə su balansının pozulması nəticəsində yaranan və çox vaxt diqqətdən kənarda qalan ciddi bir vəziyyətdir. Bu hal ən çox az su qəbul edildikdə, yüksək hərarətlə keçən infeksiyalar zamanı, ishal və qusma hallarında, eləcə də uzun müddət gün altında qaldıqda baş verir. Belə vəziyyətlərdə bədən yalnız su deyil, eyni zamanda vacib elektrolitləri də itirir və nəticədə ümumi tarazlıq pozulur”.

Bu sözləri Operativ Media-ya açıqlamasında Terapevt Sübhan Hacıyev bildirib.

Onun sözlərinə görə, susuzlaşma birdən-birə deyil, tədricən inkişaf edir:

”İlk mərhələdə insan sadəcə daha çox su içmək istəyir. Ağız quruyur, dodaqlarda çatlar əmələ gəlir, dəri əvvəlki elastikliyini itirir. Bununla yanaşı halsızlıq, baş ağrısı və səbəbsiz yorğunluq hissi də ortaya çıxır. Bu əlamətlər çox vaxt ciddi qəbul olunmasa da, əslində orqanizmin verdiyi ilk siqnallardır.

Vəziyyət bir qədər ağırlaşdıqda artıq sidiyin miqdarı azalır, rəngi tündləşir. Qəbizlik yarana bilər, bədəndə gücsüzlük daha aydın hiss olunur, xüsusilə əllərdə və ayaqlarda zəiflik özünü göstərir. Bu mərhələ artıq diqqətli olmağın vacib olduğunu göstərir.

Ən təhlükəli mərhələ isə ağır susuzlaşmadır. Bu zaman gözlər çökük görünür, ürək döyüntüləri sürətlənir, təzyiq aşağı düşür. İnsan ayağa qalxarkən başgicəllənmə yaşayır, şüuru bulanıqlaşır, hətta bəzi hallarda huşunu itirə bilər. Bu vəziyyət artıq təcili tibbi müdaxilə tələb edir.

Susuzlaşmanı anlamağın ən sadə yollarından biri sidiyin rənginə diqqət etməkdir. Açıq, saman rəngli sidik normal su qəbulunu göstərir. Rəng tündləşdikcə bu, artıq bədənin susuzlaşmağa başladığını göstərir. Əgər sidik çox tünd, demək olar ki, pivə rəngindədirsə və miqdarı azalıbsa, bu, ciddi təhlükə siqnalıdır.

Unutmaq olmaz ki, susuzlaşma yalnız su itkisi demək deyil. Bu proses eyni zamanda orqanizmdə elektrolit balansını pozur. Nəticədə ürək ritmində problemlər yarana bilər, qan dövranı pozula bilər və ağır hallarda həyat üçün təhlükəli nəticələrə gətirib çıxara bilər.

Ona görə də gün ərzində kifayət qədər su qəbul etmək, xüsusilə isti havalarda, xəstəlik zamanı və fiziki yüklənmə dövründə maye balansına diqqət etmək həyati əhəmiyyət daşıyır. Susuzluq hissini gözləmədən su içmək isə bu problemin qarşısını almağın ən sadə və effektiv yoludur”.

Əlaqəli Xəbərlər