Menyu

Sağlam həyat tərzinə necə başlamaq olar?

Ayşən Sadıxzadə
Sağlam həyat tərzinə necə başlamaq olar?
“Müasir dövrdə sağlam həyat tərzi artıq seçim deyil, zərurətdir.”

Bu sözləri Operativ Media-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.
Onun sözlərinə görə, sürətli həyat tempi, qeyri-düzgün qidalanma və hərəkətsizlik səbəbindən insanlar artıq gənc yaşlardan müxtəlif sağlamlıq problemləri ilə üzləşirlər. Bununla belə, mütəxəssis vurğulayıb ki, sağlam həyat tərzinə başlamaq üçün gec deyil və bu, düşünüldüyü qədər çətin deyil.

Dietoloq sağlam həyata keçid üçün ilk növbədə kiçik addımlarla başlamağı tövsiyə edir. O bildirib ki, bir gündə bütün vərdişləri dəyişmək cəhdləri çox vaxt uğursuzluqla nəticələnir. Bu səbəbdən şəkər qəbulunu azaltmaq, daha çox su içmək və gündəlik hərəkəti artırmaq ilkin addımlar kimi kifayət edir. “Davamlılıq mükəmməllikdən daha önəmlidir”, – deyə o əlavə edib.

Ceyhunə Yusifova suyun orqanizm üçün əhəmiyyətini də xüsusi qeyd edib. Bildirib ki, insan bədəninin təxminən 60–70 faizi sudan ibarətdir və su çatışmazlığı metabolizmin zəifləməsinə, ödemə, halsızlığa və baş ağrılarına səbəb ola bilər. Onun tövsiyəsinə görə, gün ərzində minimum 2–2,5 litr su qəbul edilməlidir.

Mütəxəssis sağlam qidalanmanın qısa müddətli pəhriz olmadığını, həyat tərzinə çevrilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, gündəlik rasionda protein mənbələri (ət, balıq, yumurta), kompleks karbohidratlar (qarabaşaq, yulaf), sağlam yağlar (zeytun yağı, çərəzlər) və liflə zəngin qidalar (tərəvəz və göyərti) mütləq yer almalıdır. Eyni zamanda, şəkərli içkilərdən, fast-food məhsullarından və paketlənmiş qidalardan uzaq durmaq tövsiyə olunur.

Hərəkətin vacibliyinə də toxunan dietoloq qeyd edib ki, idman zalına getmək mütləq deyil, əsas məsələ aktiv həyat tərzi sürməkdir. Onun sözlərinə görə, gündə minimum 6–10 min addım atmaq kifayətdir. Bundan əlavə, pilates, yoqa və ya üzgüçülük kimi fəaliyyətlər həm fiziki, həm də psixoloji sağlamlığa müsbət təsir göstərir.

Psixoloji balansın qorunmasının da vacib olduğunu deyən mütəxəssis stressi “gizli düşmən” adlandırıb. O bildirib ki, stress çəki artımı, hormonal pozğunluqlar və həzm problemlərinə səbəb ola bilər. Bu baxımdan meditasiya, nəfəs məşqləri və gündə 7–8 saat keyfiyyətli yuxu tövsiyə edilir.

Sonda dietoloq rejimin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, yemək saatlarının stabil olması və gecə saat 23:00-dan gec yatmamaq hormon balansının və metabolizmin tənzimlənməsinə kömək edir.

Ceyhunə Yusifova əlavə edib ki, sağlam həyat tərzi aclıq və ya özünü məhdudlaşdırmaq deyil, bədənə düzgün qayğı göstərməkdir. Onun sözlərinə görə, bu yolda ən vacib addım perfekt olmaq deyil, sadəcə başlamaqdır.

Əlaqəli Xəbərlər