Menyu

Yaz yorğunluğunu necə aradan qaldırmaq olar? - Həkim danışır

Ayşən Sadıxzadə
Yaz yorğunluğunu necə aradan qaldırmaq olar? - Həkim danışır

“Yaz yorğunluğu fəsil dəyişiklikləri zamanı orqanizmin uyğunlaşma prosesi nəticəsində yaranan halsızlıq, yuxululuq, diqqət dağınıqlığı və ümumi enerjisizlik hissidir. Xüsusilə ölkəmizdə bu dövr Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən həyat tərzində baş verən dəyişikliklər daha qabarıq şəkildə hiss olunur. Bayram süfrələri, şirniyyatların çoxluğu, az hərəkət və pozulmuş yuxu rejimi bu vəziyyəti daha da dərinləşdirə bilər”.

Bu sözləri Operativ Media-ya açıqlamasında həkim-nevroloq Rəna Abbasova deyib.

O bildirib ki, yaz aylarında bəzi insanlarda xroniki xəstəliklərin kəskinləşməsi, allergik hallar (burun axması, göz yaşarması) və hətta depressiv əhvalın artması da müşahidə oluna bilər.

Yaz yorğunluğundan qurtulmaq üçün ilk növbədə yuxu rejimini tənzimləmək vacibdir. Hər gün eyni saatda yatmaq və oyanmaq orqanizmin bioloji ritmini sabitləşdirir. Yuxuya getməkdə çətinlik yaranarsa, yatmazdan əvvəl kitab oxumaq, ilıq duş qəbul etmək və gündüz yuxusundan uzaq durmaq faydalıdır.

Qidalanmaya da diqqət yetirilməlidir. Bayramdan sonra ağır və şəkərli qidaların qəbulunu azaltmaq, daha çox təzə tərəvəz, meyvə və yüngül qidalar yemək orqanizmin bərpasına kömək edir.

Günəş işığından düzgün istifadə etmək də önəmlidir. Günlərin uzanması böyük üstünlükdür. Günəş şüaları həm enerji verir, həm də orqanizmin adaptasiyasını sürətləndirir. Səhərlər tez oyanmaq və gün işığından maksimum yararlanmaq tövsiyə olunur.

Fiziki aktivliyin artırılması da yorğunluğun azalmasına kömək edir. Gündəlik gəzinti, yüngül idman və ümumi hərəkətlilik qan dövranını yaxşılaşdırır.

Kifayət qədər su içmək maddələr mübadiləsini tənzimləyir və halsızlığın qarşısını alır. Bununla yanaşı, yaz aylarında bəzi vitamin və mineralların çatışmazlığı müşahidə oluna bilər. Bu səbəbdən balanslı qidalanmaq və lazım gəldikdə həkim məsləhəti ilə vitamin qəbul etmək faydalıdır.

Əgər yaz yorğunluğu iki həftədən artıq davam edərsə, bu artıq sadə adaptasiya prosesi hesab olunmur və mütləq həkimə müraciət etmək lazımdır. Xüsusilə anemiya, xroniki xəstəliklər və ya uzunmüddətli halsızlıq müşahidə olunursa, vəziyyət nəzarətdə saxlanmalıdır.

Yaz yorğunluğu təhlükəli olmasa da, həyat keyfiyyətinə təsir edən bir haldır. Düzgün yuxu rejimi, balanslı qidalanma, aktiv həyat tərzi və günəşdən düzgün istifadə etməklə bu dövrü daha rahat keçirmək mümkündür. Əsas məsələ profilaktik tədbirləri vaxtında görməkdir.

Əlaqəli Xəbərlər