Uşaqlar arasında RSV virusu yayılır - Valideynlər nələrə diqqət etməlidir?
Son dövrlərdə uşaqlar arasında yayılmış virus infeksiyaları fonunda RSV (respirator sinsitial virus) halları xüsusilə diqqət çəkir. Mütəxəssislər bildirirlər ki, bu virus əsasən körpələr və azyaşlı uşaqlar üçün daha risklidir və bəzən ağır tənəffüs problemlərinə səbəb ola bilir. Yoluxma hallarının artması isə valideynlərin bu xəstəlik barədə daha məlumatlı olmasını zəruri edir.
Pediatr həkim Səbinə Məmmədova Operativ Media-ya açıqlamasında deyib ki, RSV tənəffüs yollarını zədələyən və xüsusilə körpələrdə daha ağır keçə bilən geniş yayılmış virus infeksiyasıdır.
O bildirib ki, uşaqların əksəriyyəti 2 yaşına qədər bu virusla qarşılaşır:
"RSV əsasən hava-damcı yolu ilə – öskürək və asqırıq zamanı yayılır. Həmçinin virusla çirklənmiş səthlərə toxunduqdan sonra əllərlə üzə toxunmaqla da yoluxma mümkündür.
Xəstəlik adətən burun axması, öskürək, hərarət və halsızlıqla başlayır. Ağır hallarda nəfəs darlığı, xırıltılı tənəffüs və sinə çəkilməsi müşahidə oluna bilər.
6 aydan kiçik körpələr, vaxtından əvvəl doğulan uşaqlar və xroniki ürək-ağciyər xəstəliyi olanlar RSV-ni daha ağır keçirə bilər.
Ən çox bronxiolit və pnevmoniyaya səbəb olur. Bu hallar bəzən hospitalizasiya tələb edir.
RSV üçün xüsusi antiviral müalicə əksər hallarda yoxdur. Müalicə əsasən simptomatikdir: maye qəbulu, burun təmizliyi, hərarətin salınması. Ağır hallarda oksigen dəstəyi tələb oluna bilər.
Əl gigiyenasına riayət etmək, uşaqları xəstə insanlardan uzaq tutmaq və oyuncaqları təmiz saxlamaq vacibdir.
Əgər uşaqda nəfəs alma çətinləşirsə, xırıltı artırsa və ya qidalanma zəifləyərsə, mütləq həkimə müraciət olunmalıdır.
RSV geniş yayılmış virus olsa da, xüsusilə körpələrdə ciddi fəsadlara səbəb ola bilər. Erkən diqqət və düzgün qulluq xəstəliyin ağırlaşmasının qarşısını almaqda mühüm rol oynayır”.
