Menyu

TDT-də qarşılıqlı ticarətin payının 10 faizə çatdırılması hədəflənir

Operativ Media
TDT-də qarşılıqlı ticarətin payının 10 faizə çatdırılması hədəflənir

Türk Dövlətləri Təşkilatının (TDT) 180 milyona yaxınlaşan ümumi əhalisi və illik orta hesabla 5 faizlik artım tempi ilə 2,1 trilyon dollara doğru irəliləyən ümumi daxili məhsulu, ticarət əlaqələrini daha da gücləndirmək üçün potensialın böyüklüyünü göstərir. Həmçinin 2024-cü ildə TDT-yə üzv və müşahidəçi ölkələrin öz aralarındakı ixracının ümumi həcmi 35,3 milyard dollara çatıb. Bu rəqəm, ölkələrimizin dünya üzrə ümumi ixracının 6,1 faizinə bərabərdir.

Operativ Media xəbər verir ki, bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşündə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib.

O vurğulayıb ki, eyni dövrdə ölkələrimiz bütün dünya ilə ticarətdə təxminən 1,2 trilyon dollarlıq dövriyyəyə nail olaraq, qlobal miqyasda çəkisini bir daha sübut edib.

“Təşkilat daxilində ticarət həcminin daha yüksək səviyyəyə çatdırılması üçün liderlərimiz tərəfindən konkret hədəfin müəyyənləşdirilməsinin faydalı olacağını düşünürəm. Bu çərçivədə qarşılıqlı ixracın ümumi ixracdakı payını yaxın dövrdə ən azı 10 faizə çatdıra biləcəyimizə inanıram. Düşünürəm ki, ikitərəfli və regional iqtisadi münasibətlərimizi gücləndirən digər mühüm sahə investisiyalardır. Bu baxımdan, TDT-yə üzv ölkələrin investisiyalarını prioritet istiqamətlərə yönəldəcək konkret təşəbbüslərə fokuslanmaq artıq seçim deyil, strateji zərurətdir. İkitərəfli səviyyədə İnvestisiyaların Qarşılıqlı Təşviqi və Qorunması haqqında sazişlərin müasir tələblərə uyğun şəkildə yenilənməsi investorlar üçün daha etibarlı mühit yaradacaq və qərarların daha sürətli qəbuluna təkan verəcək”, - deyə Türkiyənin Vitse-prezidenti bildirib.

Cevdet Yılmaz, həmçinin əlavə edib: “Türk dövlətləri arasında ilk maliyyə qurumu olan Türk İnvestisiya Fondunun yaxın zamanda maliyyələşdirmə fəaliyyətinə başlamasını gözləyirik. Fondun beynəlxalq arenada nüfuzlu maliyyə institutu kimi layiqli yer tutması üçün səylərimizin davam etdirilməsi mühüm əhəmiyyət daşıyır”.

Əlaqəli Xəbərlər