Naqif Həmzəyev: Aprel döyüşləri ordumuzun qüdrətini sübut etdi
Azərbaycan Respublikasının müstəqillik tarixində şərəfli səhifələrdən biri olan Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlamış və aprelin 5-dək davam etmiş əks-hücum əməliyyatıdır.
Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
O, bildirib ki, bu döyüşlər 1994-cü il atəşkəsindən sonra bölgədə baş verən ən ciddi silahlı qarşıdurma idi:
"2016-cı ilin mart ayından etibarən Ermənistan silahlı qüvvələri cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutmağa başlamışdı. Aprelin 1-dən 2-nə keçən gecə isə mövqelərimiz və mülki əhali ağır artilleriya atəşinə məruz qaldı. Nəticədə 2 mülki şəxs həlak oldu, 10 nəfər müxtəlif dərəcəli xəsarətlər aldı.
Ermənistanın bu cür təxribatlarının əsas məqsədi danışıqlar ərəfəsində vəziyyəti gərginləşdirmək və daxili sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq idi. Döyüşlər əsasən 257 kilometr uzunluğunda təmas xətti boyunca — Ağdərə–Tərtər–Ağdam və Xocavənd–Füzuli istiqamətlərində cərəyan edib.
Ermənistanın hücumlarına cavab olaraq Azərbaycan Ordusu sürətli və koordinasiyalı əks-hücum əməliyyatı həyata keçirdi. Artilleriya qurğuları, pilotsuz uçuş aparatları və digər müasir hərbi vasitələrin tətbiqi nəticəsində düşmənə ciddi zərbələr endirildi.
Əməliyyat nəticəsində Tərtərin Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı kəndi ətrafındakı ərazilər, Goranboy rayonunun Gülüstan kəndi istiqamətində mövqelər və Ağdərə–Madagiz istiqamətində yollar üzərində nəzarət bərpa olundu. Ümumilikdə Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında 2000 hektardan artıq ərazi işğaldan azad edildi, daha geniş ərazilər isə nəzarətə götürüldü.
Düşmən tərəfin itkiləri də əhəmiyyətli oldu. Onlarla tank və artilleriya qurğusu məhv edildi, yüzlərlə hərbçi zərərsizləşdirildi və yaralandı. Bu döyüşlər nəticəsində illərlə formalaşdırılmış “məğlubedilməz erməni ordusu” mifinin əsassız olduğu bir daha ortaya çıxdı.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib ki, ölkəmiz münaqişənin sülh yolu ilə həllinə üstünlük verir, lakin müasir silahlarla təmin olunmuş Ordumuz istənilən vəzifəni yerinə yetirmək gücündədir.
Aprel döyüşləri Azərbaycan cəmiyyətinə mühüm psixoloji üstünlük qazandırdı. Uzun illərdən sonra xalq torpaqların azad olunmasının mümkünlüyünə real inam qazandı və bu inam 2020-ci il Vətən müharibəsində qazanılan Qələbənin əsasını təşkil etdi.
Döyüşlərdən sonra tərəflər beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar apardılar. Eyni zamanda, Aprel döyüşlərinin nəticəsi olaraq Cocuq Mərcanlı kəndinin bərpasına başlanıldı və sakinlərin doğma yurdlarına qayıdışı təmin edildi. Bu proses sonradan “Böyük Qayıdış”ın başlanğıcı kimi qiymətləndirildi.
Aprel döyüşləri beynəlxalq ictimaiyyətin diqqətini yenidən regiona yönəltdi və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu. Xaricdə yaşayan azərbaycanlılar da müxtəlif aksiyalar keçirərək ölkəmizə dəstək nümayiş etdirdilər.
Bu döyüşlər 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfərin başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan Ordusu öz gücünü nümayiş etdirdi, xalqın birliyi daha da möhkəmləndi və torpaqların azad olunmasının mümkün olduğu sübut edildi.
Aprel döyüşləri Azərbaycan tarixində mühüm yer tutur və xalqımızın iradəsinin, Ordumuzun gücünün parlaq nümunəsi kimi yadda qalır".