Menyu

Azərbaycan-Gürcüstan əməkdaşlığının yeni prioritetləri nələrdir? - ŞƏRH

Operativ Media
Azərbaycan-Gürcüstan əməkdaşlığının yeni prioritetləri nələrdir? - ŞƏRH

“Azərbaycan ilə Gürcüstan arasında uzun illərdir formalaşmış strateji əməkdaşlıq regionda sabitlik və iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə enerji sahəsində Azərbaycan Gürcüstanın təhlükəsizliyinə ciddi töhfə verən əsas tərəfdaşlardan biridir. Gürcüstanın enerji və qaz tələbatının əhəmiyyətli hissəsinin məhz Azərbaycan tərəfindən qarşılanması bu əməkdaşlığın praktiki və həyati əhəmiyyətini göstərir”.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Vüqar Bayramov deyib. 

O bildirib ki, eyni zamanda, iki ölkə arasında münasibətlər təkcə enerji sahəsi ilə məhdudlaşmır. İqtisadi əməkdaşlıq, qarşılıqlı investisiyalar və ticarət əlaqələri də yüksək səviyyədə inkişaf edib. Azərbaycan həm dövlət, həm də özəl sektor vasitəsilə Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələrdən biri olub və uzun müddət investisiya baxımından ilk üçlükdə yer alıb. Bu fakt münasibətlərin yalnız siyasi deyil, həm də iqtisadi baxımdan strateji xarakter daşıdığını sübut edir:

“Azərbaycan Prezidentinin Gürcüstana səfəri isə bu əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu səfər çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, xüsusilə iqtisadi sahədə yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanların yaranacağı gözlənilir.

Ümumilikdə, yaxın perspektivdə Azərbaycan və Gürcüstan arasında münasibətlərin daha da dərinləşəcəyi, birgə layihələrin sayının artacağı və bu əməkdaşlığın hər iki ölkənin iqtisadi inkişafına əlavə töhfələr verəcəyi proqnozlaşdırılır”.

Deputat Aydın Mirzəzadə isə qeyd edib ki, Gürcüstan və Azərbaycan etibarlı, mehriban və strateji müttəfiq dövlətlərdir. İki ölkə arasında münasibətlər artıq sadə qonşuluq çərçivəsini aşaraq daha yüksək səviyyəyə yüksəlib və tərəflərin prioritetləri də üst-üstə düşür:

"Qarşılıqlı olaraq milli maraqlara hörmət göstərilməsi, əməkdaşlığın daha da dərinləşdirilməsi və bütün sahələr üzrə inkişafın təmin edilməsi əsas istiqamətlərdəndir. İqtisadi əlaqələr yüksək səviyyədə olsa da, bu sahədə potensial hələ tam istifadə olunmayıb və münasibətlərin daha da genişləndirilməsi mümkündür. Prezidentin Gürcüstana səfəri çərçivəsində məhz bu istiqamətlərə xüsusi diqqət yetiriləcəyi gözlənilir. Eyni zamanda, iki ölkə arasında siyasi məsləhətləşmələr mütəmadi xarakter daşıyır.

Həm Azərbaycan, həm də Gürcüstan Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında maraqlıdır. Tərəflər regiona kənar müdaxilələrin əleyhinə çıxış edir və bir çox məsələlərdə ortaq mövqedən çıxış edirlər. Bu gün qlobal səviyyədə mövcud olan problemlərin həlli üçün də iki ölkənin birgə yanaşmasına ehtiyac var.

Prezidentin səfəri isə bütün bu istiqamətlər üzrə əməkdaşlığın daha da güclənməsinə və Azərbaycan-Gürcüstan münasibətlərinin yeni, daha yüksək mərhələyə yüksəlməsinə töhfə verəcək”.

Əlaqəli Xəbərlər