Menyu

Sosial şəbəkələrdə təhqir və böhtana görə məsuliyyət - Qanun nə deyir?

Ayşən Sadıxzadə
Sosial şəbəkələrdə təhqir və böhtana görə məsuliyyət - Qanun nə deyir?

Müasir dövrdə insanlar arasında ünsiyyətin böyük hissəsi artıq sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə qurulur. Bu isə yazılı ünsiyyətdə məsuliyyət məsələsini daha da aktuallaşdırır. Xüsusilə şəxsi mesajlarda təhqir və hörmətsiz davranışlar yalnız etik problem deyil, eyni zamanda hüquqi baxımdan da qiymətləndirilə bilən hallardır. Ona görə də virtual mühitdə atılan hər addımın müəyyən hüquqi nəticələr doğura biləcəyi unudulmamalıdır.

Mövzu ilə bağlı Operativ Media-ya Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov açıqlama verib.

O bildirib ki, sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan hallarına tez-tez rast gəlinir:

“Bura "WhatsApp", "Facebook", "Instagram", "TikTok" və "YouTube" platformalarını əlavə etmək olar.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinə görə, bir şəxs böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayarsa; və ya təhqir, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq şəkildə qəsdən alçaldarsa, cinayət məsuliyyətinə cəlb oluna bilər.

Lakin bu, yalnız həmin təhqir və böhtan xarakterli məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya internet informasiya ehtiyatlarında yayıldıqda mümkün olur.

- Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatların ən azı 2 nəfər kənar şəxs tərəfindən görülə, eşidilə və ya qavrana biləcəyi formada ifadə olunması başa düşülür.

- Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı 2 nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəkildə nümayiş etdirilən fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya məhsulları, reklam və s. nəzərdə tutulur.

- Kütləvi informasiya vasitəsi və internet informasiya ehtiyatı dedikdə isə dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür.

Beləliklə, kimsə sizi yalnız kütləvi çıxışlarda, əsərlərdə, mediada və ya sosial şəbəkələrdə təhqir edirsə və ya sizə böhtan atırsa, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri əsasında həmin şəxs cinayət məsuliyyəti daşıyır.

Bu halda, təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında məhkəməyə zərərçəkmiş şəxs olaraq şikayət edə bilərsiniz.

Qeyd edək ki, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında başlanır və məhkəməyə gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışarsa, işə xitam verilə bilər”.

Əlaqəli Xəbərlər