Qazlı içkilər sağlamlığa necə zərər vurur? – Ekspertdən xəbərdarlıq
Qazlı və dadlandırılmış içkilərin əksəriyyəti yüksək miqdarda sərbəst şəkər, fosfor turşusu və süni rəngləndiricilər ehtiva edir. Əslində bunlar susuzluğu yatırmır. Əksinə metabolik sindrom, diş minasının aşınması, hüceyrə səviyyəsində susuzlaşmaya səbəb olur.
Bu sözləri Operativ Media-ya açıqlamasında təhlükəsiz qida eksperti Asim Vəliyev deyib.
O bildirib ki, 330 ml bir şüşə qazlı içkidə orta hesabla 35-40 qram şəkər var:
“Bu da təxminən 9-10 çay qaşığı deməkdir. Əgər bu şüşə qazlı içkini içsək gündəlik tövsiyə edilən limiti bir dəfəyə qəbul etmiş oluruq. Maye halda olan şəkər sürətlə qana sorulur. Bu da insulinin artmasına və zamanla piylənməyə gətirib çıxarır.
Qazlı içkilərə dad vermək üçün əlavə edilən fosfor turşusu bədəndəki kalsium balansını pozur. Yüksək fosfor qəbulu sümüklərdən kalsiumun yuyulmasına, böyrək daşlarının yaranma riskinin artmasına səbəb olur.
İsti havalarda küçədə birbaşa günəş işığı altında saxlanılan plastik butulkalardakı içkilər təhlükəlidir. Günəş işığı plastikin tərkibindəki Bisfenol A, digər endokrin pozucuların mayeyə keçməsini sürətləndirir. Bəzən məhsulun üzərində əlavə şəkər yoxdur yazısına aldanırıq. Tərkibindəki fruktoza şərbəti, qlükoza siropu, dadlandırıcıları yoxlamalıyıq. Həmçinin etiketdə qeyd olunan E kodlara da diqqət etməliyik.
Ən yaxşı seçim ya sadə su qəbul etmək, ya da evdə bu içkiləri özümüz hazırlamağımızdır.
Suyun içərisinə nanə yarpaqları, limon dilimləri, təzə giləmeyvələr ataraq 2-3 saat soyuducuda saxlayaraq dadlı içki hazırlaya bilərik. Şəkərsiz dəmlənmiş yaşıl çayı buz ilə soyudaraq, bal əlavə edərək içə bilərik. Digər tərəfdən yay aylarında ən yaxşı sərinləşdirici içkilərdən biri də ayrandır”.
