Slovakiya Ombudsmanı Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində olub
Ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzinə səfər edib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Səfər zamanı qonaqları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları müşayiət ediblər.
Dövlət Miqrasiya Xidmətinin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev qonaqlara müvəqqəti yerləşdirmə mərkəzlərinin müasir standartlara uyğun qurulmuş fəaliyyəti, mərkəzlərdə yerləşdirilən şəxslərin hüquq və vəzifələri, onların yerləşdirilməsi və saxlanılması qaydaları, müvafiq prosedurlar barədə ətraflı məlumat verib.
Səfər çərçivəsində qonaqlar miqrantların mərkəzə qəbulu və yerləşdirilməsi prosesi, saxlanma şəraiti, yaşayış binaları və tibb otaqları, görüş və istirahət sahələri, həmçinin yeməkxana ilə tanış olublar. Səfər zamanı nümayəndə heyəti mərkəzdə yerləşdirilən şəxslərlə də görüşüb.
Bundan başqa qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.