Bromelainin faydaları nələrdir?
Bromelain əsasən ananasın tərkibində, xüsusilə meyvənin orta, özə hissəsində tapılan təbii fermentlər qarışığıdır. Bu fermentlər orqanizmdə qəbul edildikdə ödəmə və şişkinliyi azaltmağa, həzm prosesini yaxşılaşdırmağa kömək edir.
Bu sözləri Operativ Media-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
O bildirib ki, təbii formada istifadə edildikdə faydaları daha çoxdur:
“Alergiya: Ananasa qarşı allergiyası olan insanlar bromelain tərkibli qida və əlavələrdən istifadə etməməlidir. Bromelain kapsul, qida əlavəsi və ya dadlandırıcı vasitə kimi də satıla bilər.
Qan durulaşdırıcı təsir: Bromelain bəzi hallarda qan durulaşdırıcı təsir göstərə bilər. Qan təzyiqi və ya qan durulaşdırıcı dərman qəbul edənlər diqqətli olmalıdır.
Yan təsirlər: Həddindən artıq qəbul mədədə narahatlıq, ishal və həzm problemlərinə səbəb ola bilər.
Bromelaini ən təbii və faydalı şəkildə ananasdan qəbul etmək məsləhətdir. Əlavə ehtiyac olduqda isə bunu yalnız peşəkar həkim və ya dietoloqla məsləhətləşərək, orqanizmin fərdi xüsusiyyətlərini nəzərə alaraq etmək lazımdır”.
