Qəbələdə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində növbəti görüş keçirilib
Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən ikitərəfli dəyirmi masa keçirilib. Növbəti görüşdə hər iki ölkədən qeyri-hökumət təşkilatlarının, media qurumlarının və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Operativ Media xəbər verir ki, Ermənistan nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, delimitasiya və demarkasiya olunmuş sahədən keçərək bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurları icra edib. Bu keçid faktının özü “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi istiqamətində növbəti simvolik addım olub.
İki gün ərzində dörd müzakirə sessiyası keçirilib. İştirakçılar Cənubi Qafqazda və onun ətrafında baş verən geosiyasi prosesləri və onların sülh prosesinə təsirini müzakirə ediblər. Azərbaycanlı və erməni ekspertlər, həmçinin regional inkişafla bağlı öz ölkələrinin mövqeləri və baxışları barədə fikir mübadiləsi aparıblar.
İkitərəfli dialoqdan əvvəl “Sülh Körpüsü” təşəbbüsünün nümayəndələri öz ölkələrində vətəndaş cəmiyyətinin müxtəlif seqmentləri ilə görüşlər və müzakirələr keçirərək ictimai gözləntiləri və sülh prosesinə dair yanaşmaları daha yaxşı anlamağa çalışıblar. Ayrı bir sessiyada təşəbbüs iştirakçıları bu görüşlərin nəticələrini təqdim edərək cəmiyyətlərdə mövcud əsas narahatlıqları, gözləntiləri və baxışları vurğulayıblar.
İctimai gözləntiləri nəzərə alaraq, iştirakçılar yekun sessiyanı sülh prosesinin növbəti mərhələlərində həyata keçiriləcək birgə və fərdi fəaliyyətlər barədə fikir mübadiləsinə həsr ediblər.
Aprelin 11-də “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində keçirilən dördüncü ikitərəfli dəyirmi masanın iştirakçıları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər. Görüş zamanı regional təhlükəsizlik, sülh prosesinin siyasi səviyyədə gedişi və vətəndaş cəmiyyətinin normallaşma prosesinə töhfəsi müzakirə olunub.
İkigünlük dialoq dördüncü görüşün nəticələrinin yekunlaşdırıldığı mətbuat konfransı ilə başa çatıb.
Vətəndaş cəmiyyəti nümayəndələrinin son görüşü konstruktiv dialoq, açıq müzakirələr və sülh gündəliyinə alternativin olmadığına dair bir daha təsdiq mühitində keçirilib. Azərbaycan və Ermənistan hökumətlərinin dəstəyi ilə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunan dialoqun iştirakçıları sülh prosesinin növbəti mərhələlərində etimadın möhkəmləndirilməsi istiqamətində birgə səyləri davam etdirmək niyyətlərini ifadə ediblər.