AP: Pakistan İran və ABŞ arasında yeni danışıqlar raundu təklif edib
Pakistan hakimiyyəti yaxın günlərdə İslamabadda ABŞ və İran arasında danışıqların ikinci raundunun keçirilməsini təklif edib.
Operativ Media xəbər verir ki, bu haqda "Associated Press" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin anonimlik şərti ilə danışan rəsmi şəxslərə əsaslanaraq bildirdiyinə görə, bu təklifin reallaşması tərəflərin danışıqlar üçün başqa bir məkan istəyib-istəməməsindən asılı olacaq.
Həmçinin qeyd olunur ki, ilk danışıqlar hər hansı saziş əldə olunmadan başa çatsa da, bu, birdəfəlik cəhd deyil, davam edən diplomatik prosesin bir hissəsidir.
Xatırladaq ki, aprelin 11-də İslamabadda İran və ABŞ arasında bir neçə mərhələdən ibarət danışıqlar keçirilib. İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqtondan verilən məlumatlara görə, bir sıra ziddiyyətlər səbəbindən münaqişənin uzunmüddətli nizamlanması məsələsində tərəflər razılığa gələ bilməyiblər. Məsləhətləşmələrin yeni raundunun keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil. Bununla yanaşı, ABŞ İrana qarşı dəniz blokadası tətbiq etmək niyyətində olduğunu bəyan edib.