Livanın Baş naziri vətəndaşlarını əldə olunmuş nəticə münasibətilə təbrik edib
Livanın Baş naziri Nəvaf Salam Beyrutun əsas tələbi olan İsrail və Livan arasında atəşkəs rejiminin bərqərar olmasını alqışlayır.
Operativ Media xəbər verir ki, Baş nazir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
O bütün Livan vətəndaşlarını əldə olunmuş nəticə münasibətilə təbrik edib, həlak olanların ailələrinə başsağlığı verib, yaralılar və məcburi köçkünlərlə həmrəyliyini təsdiqləyib və onların tezliklə geri qayıdacaqlarına ümid etdiyini bildirib.
"Mən ABŞ Prezidenti Donald Tramp tərəfindən atəşkəs elan edilməsini alqışlayıram. Bu, Livanın əsas tələbi idi. Biz buna müharibənin ilk günündən çalışırdıq və bu, çərşənbə axşamı Vaşinqtondakı görüşümüzün əsas məqsədi olmuşdu. Mən həmçinin bu nəticənin əldə olunması üçün göstərdikləri səylərə görə regionun və dünyanın bütün ölkələrinə, xüsusən də ABŞ, Fransa və Avropa İttifaqına, o cümlədən bütün ərəb qardaşlarımıza, ilk növbədə, Səudiyyə Ərəbistanı və Misirə, habelə Qətər və İordaniyaya təşəkkür etməyə bilmərəm", - Salam qeyd edib.