Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşüblər - YENİLƏNİB
Aprelin 17-də İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında ikitərəfli görüş keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.
Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması çərçivəsində sülh və sabitliyin gücləndirilməsi, eləcə də ticarət əlaqələrinin qurulması və genişləndirilməsi ilə bağlı son proseslər məmnunluqla qeyd edilib.
Söhbətdə PAİ Assambleyasının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma kimi rolu vurğulanaraq, bu baxımdan qurumun Baş katibi Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında dialoqun qurulmasında göstərdiyi səylər yüksək qiymətləndirilib, ona təşəkkür ifadə edilib.
Spikerlər 2025-ci ilin oktyabrında Cenevrədə baş tutmuş görüşdən sonra parlament nümayəndə heyətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində təmasları müsbət dəyərləndirib və bu təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Görüşdə spikerlər iki cəmiyyət arasında etimadın daha da möhkəmləndirilməsi üçün konstruktiv parlament dialoqunun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
***
11:08
İstanbulda Milli Məclisin sədri Sahibə Qafarova ilə Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyan arasında görüş başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edək ki, görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutub.