Azərbaycan və Tailand XİN rəhbərlərinin Banqkokda görüşü keçirilib - YENİLƏNİB
Xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailand Krallığının xarici işlər naziri Sihasak Puanqketkeo ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə Tailand arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub, əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial yüksək qiymətləndirilib. Siyasi dialoqun inkişafı, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, mədəniyyət və turizm sahələrində əlaqələrin dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.
2025-ci ilin dekabr ayında Azərbaycanın Tailandda Səfirliyinin rəsmi açılışının və iki ölkənin Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ kimi qeyd edilib. Bu addımların Azərbaycan-Tailand əlaqələrinin institusional əsaslarının möhkəmləndirilməsinə və əməkdaşlığın daha da sistemli şəkildə inkişafına töhfə verdiyi vurğulanıb.
Görüşdə çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub. BMT, UNESCAP, AQEM, ASEAN və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, Azərbaycanın sədrliyi və Tailandın ev sahibliyi ilə keçirilən UNESCAP-ın 82-ci sessiyasının məhsuldar nəticələr verəcəyinə dair əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov həmkarına Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi sülh təşəbbüsləri, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən tədbirlər, habelə həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***
12:09
Banqkokda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Tailand Krallığının Baş nazirinin müavini və xarici işlər naziri Sihasak Phuanqketkeov arasında görüş keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə XİN-nin "X" hesabında paylaşım edilib.
Sihasak Phuanqketkeov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qarşılayıb.
Daha sonra tərəflər arasında ikitərəfli görüş başlayıb.
Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə ediblər.
Siyasi dialoq, iqtisadi və ticarət əlaqələri, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensialın olduğu vurğulanıb.
Həmçinin Azərbaycanın 2025-ci ilin dekabrında Tailandda səfirliyinin açılması və iki ölkənin XİN-ləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi münasibətlərin institusional əsaslarının gücləndirilməsi baxımından mühüm mərhələ kimi qeyd olunub.
BMT-nin Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası kimi çoxtərəfli platformalarda əməkdaşlığın artırılmasının vacibliyi də diqqətə çatdırılıb.
Ceyhun Bayramov həmkarına Azərbaycanın post-münaqişə dövrü sülh gündəliyi, mina təmizləmə fəaliyyəti və azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib.
Tərəflər həmçinin regional təhlükəsizlik məsələlərini və Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.