Yaz meyvələri hansı hallarda təhlükəlidir?
Yaz və yay aylarında yetişən meyvələr vitamin və mineral ehtiyatı, xüsusilə C və B qrupu vitaminləri, həmçinin antioksidantlar baxımından olduqca zəngindir. Bu maddələr immun sistemini gücləndirməklə yanaşı, orqanizmin müxtəlif infeksiyalara qarşı davamlılığını artırır və ümumi sağlamlığı qoruyur. Məhz bu səbəbdən, mövsümi meyvələrin gündəlik qida rasionunda yer alması vacib hesab olunur.
Bu sözləri Operativ Media-ya açıqlamasında hepatoloq-terapevt Sevinc Abasova deyib.
Meyvə seçimi zamanı onların yetişdirilmə şəraiti də böyük önəm kəsb edir. Təbii günəş şüaları altında yetişən məhsullar daha dadlı və faydalı olduğu halda, istixana şəraitində yetişdirilən bəzi meyvələrdə kimyəvi gübrələrdən istifadə oluna bilər ki, bu da onların qida dəyərinə təsir göstərir.
Eyni zamanda, meyvələrin istehlakı zamanı gigiyena qaydalarına ciddi əməl edilməlidir. Xüsusilə çiyələk kimi səthi həssas meyvələr diqqətlə yuyulmalı və bir müddət suda saxlanılmalıdır. Digər tərəfdən, allergiyaya meyilli insanlar bu növ qidaları qəbul edərkən ehtiyatlı olmalıdırlar, çünki bəzi meyvələr dəri səpkisi və qaşınma kimi reaksiyalara yol aça bilər. Hər hansı narahatlıq yaranarsa, mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Terapevt Sübhan Hacıyev isə bildirib ki, mövsümi meyvələr, xüsusilə gilas, çiyələk, alça, vişnə kimi giləmeyvələr sağlamlıq üçün faydalı hesab olunsa da, onların vaxtından əvvəl yetişdirilməsi və ya düzgün yuyulmadan istehlak olunması müəyyən risklər yarada bilər:
"Belə hallarda bu meyvələr fayda vermək əvəzinə orqanizmə zərər yetirə bilər. Çünki bu məhsulların üzərində pestisid qalıqları, müxtəlif mikroorqanizmlər, hətta parazitlər mövcud ola bilər. Onları birbaşa ağacdan və ya koldan dərib yumadan istehlak etmək, xüsusilə mədə-bağırsaq sistemində dispeptik əlamətlərə səbəb ola bilər. Bu əlamətlər əsasən ürəkbulanma, qusma, ishal və ümumi həzm pozğunluqları şəklində özünü göstərir.
Bununla yanaşı, bəzi insanlarda bu cür giləmeyvələr allergik reaksiyalar da yarada bilər. Bu reaksiyalar qida allergiyası çərçivəsində qiymətləndirilir və adətən dəri üzərində qaşınma, qızartı, köpəşmiş səpkilər – yəni övrə (urtikariya) kimi əlamətlərlə müşahidə olunur.
Bütün bunları nəzərə alaraq, həkimlər meyvələrin məhz öz mövsümündə, düzgün şəraitdə yetişdirilmiş formada seçilməsini, istehlakdan əvvəl isə yaxşıca yuyulmasını və gigiyenik qaydalara riayət olunmasını tövsiyə edirlər. Bu yanaşma həm qida təhlükəsizliyini təmin edir, həm də meyvələrin faydasından maksimum yararlanmağa imkan verir”.