Çinin müdafiə naziri Rusiya və Qırğızıstana rəsmi səfər edəcək
Çin Xalq Respublikasının (ÇXR) müdafiə naziri Dun Cyun 23-28 aprel tarixlərində Rusiya və Qırğızıstana rəsmi səfər edəcək, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclasında iştirak edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin "WeChat" səhifəsində dərc olunan bəyanatda deyilir:
"ÇXR-in müdafiə naziri Dun Cyun ev sahibi tərəflərin dəvəti ilə 23-28 aprel tarixlərində Rusiya və Qırğızıstanda səfərdə olacaq. O, həmçinin Bişkekdə keçiriləcək ŞƏT-ə üzv dövlətlərin müdafiə nazirlərinin toplantısına qatılacaq."
Məlumata görə, müdafiə naziri səfər çərçivəsində ŞƏT-ə üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirəcək. Görüşlərdə beynəlxalq və regional vəziyyət, habelə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılacaq.