Tramp Livan və İsrail danışıqlarında iştirak edəcək
Vaşinqton administrasiyasının rəhbəri Donald Tramp Livan və İsrailin ABŞ-dakı səfirlərinin Ağ Evdə keçiriləcək növbəti görüşündə iştirak edəcək.
Operativ Media xəbər verir ki, bu barədə jurnalist Nadya Bilbassi-Çarters sosial mediada məlumat yayıb.
"Trampın iştirakı əhəmiyyətli olacaq. Livan tərəfi atəşkəsi uzatmaq istəyir və İsraili jurnalistlərin, ilk yardım göstərənlərin və dini yerlərin qorunmasını təmin etməyə çağırır, İsrail isə iki ölkə nümayəndələri arasında əlaqələri cinayət hesab edən Livan qanununun ləğvini istəyir", - deyə o qeyd edib.
Qeyd edək ki, 14 apreldə ABŞ-nin himayəsi altında Vaşinqtonda Livan-İsrail danışıqlarının ilkin mərhələsi keçirilib.
Görüş atəşkəs razılaşmasının əldə edilməsinə yönəlmiş sülh danışıqlarının başlama tarixini müəyyən etmək məqsədi daşıyıb.
Aprelin 16-da ABŞ prezidenti Donald Tramp İsrail və Livanın Şərq vaxtı ilə saat 17:00-dan etibarən 10 günlük atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.