BMT Qəzzanın minalardan təmizlənməsinin dəyərini 541 milyon dollar olaraq qiymətləndirib
Fələstin ərazilərində BMT-nin mina təmizləmə proqramının rəhbəri Julius Van der Valtın sözlərinə görə, Qəzza zolağını Fələstin anklavının yenidən qurulmasına mane olan partlamamış hərbi sursatlardan (PHS) təmizləmək 541 milyon dollara başa gələcək.
Operativ Media xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Onun sözlərinə görə, partlamamış hərbi sursat anklav sakinlərinin həyatı üçün gündəlik təhlükə yaradır və onun yenidənqurma prosesinin başlanmasına mane olur. O, Cenevrədə keçirilən brifinqdə bildirib ki, "təkcə Qəzzada partlamamış hərbi sursatların yaratdığı təhlükəni aradan qaldırmaq üçün təxminən 541 milyon dollara ehtiyacımız var".
Van der Valt qeyd edib ki, münaqişənin başlanğıcından bəri bu cür elementlər mindən çox insanın, o cümlədən əksəriyyəti uşaqların ölümünə səbəb olub. BMT-nin hesablamalarına görə, anklavda hər 600 metrdən bir partlamamış hərbi sursat tapılır.