"Axios": İran ABŞ-yə Hörmüz boğazını açmaqla bağlı yeni bir təklif təqdim edib
Tehran münaqişənin nizamlanması üçün Vaşinqtona yeni təkliflər paketi təqdim edib.
Operativ Media xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Təklifdə ABŞ blokadasının ləğvi, Hörmüz boğazının açılması və daha sonra İranın nüvə proqramının müzakirəsinə keçid nəzərdə tutulur.
Mənbələrin verdiyi məlumata görə, İslam Respublikasının nümayəndələri bu təklifi ABŞ tərəfinə Pakistandakı vasitəçilər vasitəsilə çatdırıblar. Portal yazır: “Yeni təklif danışıqlardakı mövcud çıxılmaz vəziyyəti aradan qaldırmağa və İran rəhbərliyinin [ABŞ Prezidenti Donald] Tramp administrasiyası ilə razılığa gəlmək üçün nüvə güzəştlərinin miqyası barədə fikir ayrılıqlarını həll etməyə yönəlib”.
Bildirilir ki, İranın təklifi ilk növbədə Hörmüz boğazı ətrafındakı böhranın həllinə və ABŞ blokadasının aradan qaldırılmasına fokuslanıb. Sənəddə tərəflərin atəşkəs rejimini uzun müddətə uzatması və ya müharibənin tamamilə dayandırılması barədə razılığa gəlməsi ehtimal olunur.
“Axios” qeyd edir ki, təklifə əsasən, nüvə proqramı üzrə danışıqlar yalnız növbəti mərhələdə — Hörmüz boğazı açıldıqdan və blokada götürüldükdən sonra başlaya bilər. Məlumata görə, ABŞ lideri aprelin 27-də İranla danışıqlardakı mövcud durğunluğu və müharibə şəraitində atılacaq növbəti addımları müzakirə etmək üçün kabinetin iclasını keçirməyi planlaşdırır.
Xatırladaq ki, ABŞ Prezidenti aprelin 25-də verdiyi bəyanatda danışıqlar qrupunun İran tərəfi ilə görüşmək üçün Pakistana planlaşdırılan səfərinin ləğv edilməsindən sonra Tehrandan yeni təklif aldıqlarını bildirmişdi. Bundan əvvəl o, xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Pakistana səfərini təxirə salmış və ABŞ-nin İranla danışıqları telefon vasitəsilə aparmağa hazır olduğunu vurğulamışdı.