Tramp və Putin telefonla danışıb
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.
Onun sözlərinə görə, telefon danışığı 1,5 saatdan çox davam edib.
Putin ABŞ və İsrailin Yaxın Şərqdə yenidən hərbi əməliyyatlara başlamasının son dərəcə ağır nəticələrə səbəb ola biləcəyini bildirib.
Bundan əlavə, Rusiya lideri Trampa Ukraynadakı müharibə zonasında vəziyyət barədə məlumat verərək, Rusiya qoşunlarının cəbhədə irəlilədiyini qeyd edib.
"Rusiya prezidenti ABŞ və İsrailin yenidən güc tətbiq edəcəyi təqdirdə təkcə İran və qonşuları üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün qaçılmaz, son dərəcə ağır nəticələrə diqqət çəkib. Əlbəttə ki, İran ərazisində quru əməliyyatı tamamilə qəbuledilməz və təhlükəli görünür" - məlumatda qeyd olunur.
Putin həmçinin bildirib ki, Rusiya qarşıya qoyduğu məqsədlərə nail olacaq. Onun sözlərinə görə, Moskva buna danışıqlar yolu ilə nail olmağa üstünlük verir.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentlərinin bugünkü telefon danışığı Trampın 2025-ci ilin əvvəlində Ağ Evə qayıtmasından bəri 12-ci olub. Liderlərin əvvəlki telefon danışığı martın 9-da baş tutmuşdu.