Qalibaf: Tramp dəniz blokadası ilə İranın təslim olmasını istəyir
ABŞ Prezidenti Donald Tramp daxili ixtilaflar və Hörmüz boğazı üzərindən dəniz blokadası vasitəsilə İranın təslim olmasına nail olmağa çalışır.
Operativ Media xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf müraciətində bildirib.
Onun sözlərinə görə, ABŞ və İsrail İran rəhbərliyini aradan götürməklə İslam Respublikasını qısa müddətdə çökdürməyi planlaşdırıb:
“Lakin sonradan gördülər ki, bizim raketlərimiz və pilotsuz uçuş aparatlarımız zərbələr endirməyə davam edir”.
Qalibaf iddia edib ki, məqsəd İranı Venesuela kimi vəziyyətə salmaq olub.
Müraciətdə qeyd olunub ki, hərbi əməliyyatlar dövründə təhlükəsizlik obyektlərinə endirilən zərbələrdən sonra Novruz çərşənbələri zamanı ölkədə çevriliş planlaşdırılıb.
“İran xalqı bu təhdidləri dəf edib. Düşmən ölkəyə qoşun yeritməyə cəhd göstərib, bu planı İsfahanda sınaqdan keçirib, lakin uğursuz olub. ABŞ yeni mərhələyə keçərək dəniz blokadası, media təbliğatı, iqtisadi təzyiq və daxili ixtilafları qızışdırmaq yolu ilə İranı zəiflətməyə çalışır”, – deyə o vurğulayıb.
Qalibaf əlavə edib ki, ABŞ-nin İran daxilində “radikal” və “mötədil” bölgüsü aparması düzgün deyil, çünki bütün vəzifəli şəxslər ali dini lider Möctəba Xameneiyə tabedir.