ABŞ İrana qarşı hərbi əməliyyatların bərpası ssenarilərini nəzərdən keçirir
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper aprelin 30-da ölkə prezidenti Donald Tramp üçün İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı yeni potensial ssenarilərə dair xüsusi brifinq keçirəcək.
Operativ Media xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Portal qeyd edir: "Bu brifinq onu göstərir ki, Tramp ya danışıqlar prosesində yaranmış çıxılmaz vəziyyətdən çıxmaq, ya da müharibə başa çatmazdan əvvəl son zərbəni vurmaq üçün genişmiqyaslı hərbi əməliyyatların bərpası imkanlarını ciddi şəkildə nəzərdən keçirir".
"Axios"un mənbələrinin bildirdiyinə görə, Pentaqon dialoqdakı durğunluğu aradan qaldırmaq ümidi ilə İrana "qısa və güclü" zərbələr dalğasının endirilməsi planını hazırlayıb. Portalın məlumatına görə, ABŞ bir sıra hücumlardan sonra İran rəhbərliyinə təzyiq göstərərək, onları "danışıqlar masasına qayıtmağa və daha çevik mövqe nümayiş etdirməyə" məcbur etməyə çalışır.
Prezidentə təqdim olunacaq hərbi əməliyyatların bərpası ilə bağlı digər ssenari isə ticarət gəmiçiliyinin yolunu açmaq məqsədilə "Hörmüz boğazının bir hissəsinin ələ keçirilməsini" nəzərdə tutur. "Axios" vurğulayır ki, belə bir əməliyyat quru qoşunlarının cəlb edilməsini də əhatə edə bilər. Daha bir variant isə İslam Respublikasının yüksək dərəcədə zənginləşdirilmiş nüvə yanacağı ehtiyatlarını ələ keçirmək üçün xüsusi təyinatlı qüvvələrin cəlb olunmasını ehtiva edir.
Portalın həmsöhbətlərinin verdiyi məlumata görə, prezident üçün keçiriləcək brifinqdə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn də iştirak edəcək.