Menyu

Siyasi qərəzin ağır bədəli: Avropa Parlamenti öz nüfuzuna necə zərər verir? - TƏHLİL

Operativ Media
Siyasi qərəzin ağır bədəli: Avropa Parlamenti öz nüfuzuna necə zərər verir? - TƏHLİL

Avropa Parlamenti tərəfindən 30 aprel tarixində “Ermənistanda demokratik dayanıqlılığa dəstək” adlı qətnamə qəbul edilib və bu sənəddə yenidən anti-Azərbaycan tezisləri yer alıb.

Mövzu ilə bağlı Operativ Media-ya danışan deputat Nigar Alparadari bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli və təxribat xarakterli fəaliyyəti artıq sistemli və ardıcıl xarakter alıb:

"Şübhəsiz ki, bu sənəd həm də anti-Azərbaycan xarakteri daşıyır. Lakin Azərbaycan üçün onun təsiri əhəmiyyətsizdir, Ermənistan üçün bu artıq daxili siyasət amilinə çevrilir.

Bu təşəbbüsün arxasında kim dayanırsa-dayansın, əsas səbəb Avropanın bizim regiona münasibətdə aydın və ardıcıl xarici siyasət strategiyasının olmamasıdır. Məhz buna görə belə təşəbbüslər manipulyasiya predmetinə çevrilir və müxtəlif qüvvələr tərəfindən xarici siyasətdən sui-istifadə olunur.

Sənədin təhlili göstərir ki, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli və təxribat xarakterli fəaliyyəti artıq sistemli və ardıcıl xarakter alıb. Görünən odur ki, onların bu təxribatlardan əl çəkmək niyyəti yoxdur. Bütün cəhdlərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz torpaqlarını azad etməsi və müstəqil siyasət yürütməsi bu dairələri ciddi narahat edir".

Deputat Ceyhun Məmmədov isə bildirib ki, sənəddə əksini tapan məqamlar tamamilə absurddur:

"Məgər vaxtilə bizə “Siz işğalla barışmalısınız”, “Siz müharibə edə bilməzsiniz” deyənlər onlar deyildimi? Görünür, xülyalarının puç olması ilə barışa bilmir, bu yolla qisas almağa çalışırlar. Lakin onla bilməlidirlər ki, bu, yanlış yoldur. Bu cür "kağız parçaları" Azərbaycanın həyata keçirdiyi prinsipial və qətiyyətli dövlət siyasətinə əsla təsir göstərə bilməz.

Çox ziddiyyətli bir vəziyyət yaranıb. Hazırda Azərbaycan və Ermənistan münasibətlərin normallaşması istiqamətində ciddi addımlar atır, qarşılıqlı təmaslar qurulur. Bu yaxınlarda Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri buna bariz nümunədir. Hesab edirəm ki, sözügedən sənədin məhz bu proseslərlə eyni vaxta təsadüf etməsi təsadüfi deyil. Bu məqamda Azərbaycan xalqının məşhur bir atalar sözü yada düşür.

Sənəddə əksini tapan məqamlar tamamilə absurddur. Məgər onlar bilmirlər ki, erməniləri Qarabağdan heç kim çıxarmayıb? Əksinə, Azərbaycan tərəfi reinteqrasiya ilə bağlı dəfələrlə müraciət etdi, lakin onlar kənar təxribatlara uyaraq bölgəni öz istəkləri ilə tərk etdilər. Bununla bağlı kifayət qədər təkzibolunmaz faktlar mövcuddur.

Sual yaranır: 30 ilə yaxın müddətdə ermənilər 10 min kvadratkilometr ərazini vəhşicəsinə dağıdanda, məscidlərimizdə heyvan saxlayanda, pravoslav kilsələrini və alban abidələrini məhv edəndə bu qurumlar harada idi? Qəbirlərimizi dağıdıb yerində səngərlər qazanda niyə səslərini çıxarmırdılar? Bu gün də insanlarımız doğmalarının məzarlarını tapmaqda çətinlik çəkirlər. Avropa Parlamenti bu vəhşiliklərlə bağlı bircə dəfə də olsun qətnamə qəbul etdimi?

Azərbaycan isə azad olunmuş ərazilərdə məscidlərlə yanaşı, erməni və alban kilsələrini də bərpa və təmir edir. Bu saxta sənədi qəbul edənlər anlamalıdırlar ki, köhnə münaqişəni alovlandırmaq məqsədi daşıyan bu addımların dövlətimiz üçün heç bir əhəmiyyəti yoxdur.

Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Heç bir kənar müdaxilə xalqımızın iradəsinə və Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasətinə təsir edə bilməz. Əbəs yerə əziyyət çəkməsinlər!”.

Deputat Kamran Bayramovun sözlərinə görə, Milli Məclisinin bu gün qəbul etdiyi qərar, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki prinsipial mövqeyini və milli maraqların müdafiəsi yolunda nümayiş etdirdiyi qətiyyətli iradəni bir daha təsdiqləyib:

"Azərbaycan parlamentinin xarici tərəfdaşları və beynəlxalq təşkilatlarla münasibətlərində hər zaman sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyəti rəhbər tutması, habelə parlament dəyərlərinə və ortaq maraqlara söykənən açıq, səmimi və konstruktiv dialoqu təşviq etməsi danılmaz bir faktdır. Lakin son dövrlər Avropa Parlamentinin bir sıra dairələri tərəfindən sərgilənən qərəzli yanaşma və Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri bu sağlam dialoq mühitini ciddi şəkildə zədələyib. Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlərdə əlaqələrin dayandırılması, Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi və Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi ilə münasibətlərin dondurulması barədə qərarı, məhz bu ədalətsiz münasibətə verilən ən sərt və adekvat cavabdır. Bu addım Azərbaycanın beynəlxalq müstəvidə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqliyini və suverenliyinə olan hər hansı hörmətsizliyə dözüm nümayiş etdirməyəcəyini göstərən siyasi bir manifest xarakteri daşıyır".

K.Bayramov qeyd edib ki, Azərbaycanın xarici siyasət kursu hər zaman bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə söykənib. Lakin Milli Məclisin bu gün qəbul etdiyi tarixi qərar göstərir ki, rəsmi Bakı üçün milli ləyaqət və dövlət suverenliyi hər cür siyasi konyunkturadan uca dayanır:

“Təəssüflə qeyd olunmalıdır ki, illərdir konstruktiv dialoq üçün uzadılan əl Avropa Parlamenti tərəfindən hər zaman qərəz və destruktiv fəaliyyətlə qarşılanıb. Bu gün qəbul edilən sənəddə əksini tapan faktlar 30 illik işğala göstərilən laqeydlik, bir milyondan çox qaçqının hüquqlarının görməzdən gəlinməsi və dialoq platformalarının şantaj alətinə çevrilməsi-münasibətlərin niyə bu qırılma nöqtəsinə gəldiyini açıq izah edir”- deyə deputat qeyd edib".

Onun fikrincə, Bakının 2015-ci ildəki analoji qərardan sonra göstərdiyi xoşməramlı jestin və verilən şansların qarşı tərəf tərəfindən sui-istifadə edilməsi, artıq səbir kasasının daşdığını göstərir. Milli Məclis bu qərarı ilə təkcə Avropa Parlamentinə deyil, bütün beynəlxalq birliyə mesaj verir: Azərbaycan daxili işlərinə müdaxiləni və qərəzli qarayaxma kampaniyalarını cavabsız qoymayacaq.

Deputat həmçinin diqqətə çatdırıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə və suverenliyimizin tam bərpası regionda yeni reallıqlar yaratsa da, görünən odur ki, bu tarixi ədalət bəzi dairələrin "siyasi yuxusunu" qaçırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh strategiyası və tarixi Vaşinqton razılaşmaları regionda sabitliyin təminatçısı olduğu halda, Avropa Parlamentinin bu prosesə "qətnamə müharibəsi" ilə cavab verməsi qurumun əsl niyyətini ifşa edir.

“Hətta, COP29 kimi qlobal platformaların belə anti-Azərbaycan kampaniyalarına alət edilməsi, Avropa Parlamentinin artıq demokratik dəyərlərin deyil, lobbi qruplarının və korrupsiya şəbəkələrinin əsirinə çevrildiyinin bariz nümunəsidir. Azərbaycanofobiya və islamofobiya mərkəzinə çevrilən bu struktur, əslində sülhə deyil, revanşizmə və yeni münaqişə ocaqlarına xidmət edir. Milli Məclisin bu gün verdiyi qərar, məhz bu çirkin oyunlara və regionun sülh gələcəyini təhdid edən destruktiv qüvvələrə qarşı ucaldılan "Azərbaycan Səddi"dir” - deyə o, vurğulayıb.

Deputat əlavə edib ki, illərdir davam edən ikili standartlara, "qətnamə şantajı"na və ermənipərəst lobbilərin sifarişi ilə idarə olunan qərəzli ritorikaya verilən bu cavab göstərir ki, artıq köhnə oyunlar bitib. Azərbaycan rəhbərliyinin müəyyən etdiyi yeni reallıqlar və sülh gündəmi diktə dilini rədd edir. Avropa Parlamenti özünü demokratik dəyərlər divarı kimi təqdim etsə də, Bakı bu divarın arxasındakı korrupsiya və islamofobiya mənzərəsini bütün dünyaya ifşa edib.

K.Bayramovun sözlərinə görə, bu gün qəbul edilən qərar bir həqiqəti tam qətiləşdirir. Azərbaycanın yolu sülh və bərabərhüquqlu tərəfdaşlıq yoludur. Bu yolu şantajla kəsməyə çalışanlar isə özləri təcriddə qalmağa məhkumdurlar. Körpüləri Azərbaycan yandırmır. Azərbaycan sadəcə üzərindən qərəz və xəyanət daşınan çürük körpülərdən imtina edir.

Deputat Azər Badamov bildirib ki, Azərbaycanın siyasəti, tutduğu yol beynəlxalq əməkdaşlıq üzrə prinsipləri kifayət qədər aydındır:

"Bu qarşılıqlı marağa, həmçinin müstəqil siyasətə və hörmətə əsaslanır. Azərbaycan illər ərzində də çox aydın yanaşma ortaya qoydu. Bu, ərazi bütövlüyü və suverenliyimizin təmin edilməsi ilə bağlı heç bir halda güzəştə getməməyimiz idi. Bu istiqamətdə dövlətimiz ardıcıl və prinsipial addımlar atdı.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq əməkdaşlığı sürətləndirdi. Beynəlxalq parlament təşkilatları ilə sıx əməkdaşlıq quruldu. Dövlətimizin əsas prinsipi sülhün, təhlükəsizliyin və davamlı inkişafın əsas götürülməsi ilə hər bir tərəflə səmimi, habelə konstruktiv dialoq qurmaq idi.

Avropa Parlamentinin, Qərb təsisatlarının qərəzli mövqeyi isə bitmədi ki bitmədi. Təəssüflər olsun ki, illər ərzində Azərbaycanın əsas xətt olaraq müəyyənləşdirdiyi amillərin heç biri Avropa Parlamenti tərəfindən göz önündə tutulmadı. Tam əksinə Azərbaycan münasibətləri yumşaltmağa çalışdıqca, Avropa Parlamenti Azərbaycana qarşı əsassız və qərəzli bir yol tutdu. İllər ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yumuldu, insanlarımızın haqq və hüquqlarına məhəl qoyulmadı. Azərbaycan hakimiyyətinə təzyiqlər, şantajlar və daxili işimizə kobud müdaxilələr edildi. Avropa Parlamenti bu illər ərzində bir dəfə olsun belə öz vədinə əməl etmədi, əksinə anti-Azərbaycan ritorikasını daha da gücləndirdi və genişləndirdi. Vətən müharibəsi dövrü, COP29 ərəfəsi də təzyiqlərlə üz-üzə qaldıq. 

44 günlük Vətən müharibəsi çərçivəsində Azərbaycan əleyhinə saxta məlumatlar tirajlanırdı. Azərbaycanı yalan və yanlış şəkildə dünya ictimaiyyəti qarşısında rəzil etmək yolu tutulmuşdu. COP29 çərçivəsində də Azərbaycana qarşı hücumların şahidi olduq. Müxtəlif lobbi qrupları vasitəsilə təhdidlər yağdırılırdı. Azərbaycanın imicinə, nüfuzuna xələl gətirilməyə çalışılırdı. 

Buna baxmayaraq Azərbaycan yolundan dönmədi. Bu gün dövlətimiz yenə də inkişaf yolunu əsas tutur. Regiona davamlı və dayanıqlı sülhün gətirilməsində maraqlıyıq. Avropa Parlamenti ilə mövcud münasibətlər xarici siyasətimizdən heç nə qoparmayacaq. Biz qətiyyətli və prinsipial yolumuzda davam edəcəyik. Hansı tərəf sülhə töhfə verəcəksə biz o tərəflə daha sıx çalışacağıq. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında xarici və daxili siyasətdə qəbul edilən hər bir qərar əsaslıdır, arxasında məntiqli yanaşma dayanır və bu qərarlar xalq tərəfindən dəstəklənir".

Əlaqəli Xəbərlər