Menyu

Sahil Babayev ADB rəhbərliyi ilə infrastruktur layihələrini müzakirə edib

Operativ Media
Sahil Babayev ADB rəhbərliyi ilə infrastruktur layihələrini müzakirə edib

Asiya İnkişaf Bankı (ADB) və Azərbaycan su təchizatı layihələrinin dəstəklənməsi imkanlarını müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə ADB-nin Prezidenti Masato Kanda sosial şəbəkələrdə yazıb.

Müzakirələr ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində Azərbaycanın maliyyə naziri Sahil Babayevlə keçirilən görüşdə baş tutub.

"Azərbaycanla ADB-nin şəhər infrastrukturu, su təchizatı və nəqliyyat sahəsinə dəstəyini, eləcə də CAREC və Transxəzər "yaşıl enerji" dəhlizi vasitəsilə regional əlaqəliliyin təşviqində Azərbaycanın strateji rolunu müzakirə etdik", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu dövr ərzində bank 145 layihəni maliyyələşdirərək ölkə iqtisadiyyatına 5 milyard ABŞ dollarından çox sərmayə qoyub. Onlardan təxminən 4 milyard ABŞ dolları dövlət sektoruna, 1 milyard ABŞ dolları isə özəl sektora yönəldilib. Ən böyük maliyyələşdirmə istiqamətləri nəqliyyat (1,5 milyard dollar) və energetika (1,7 milyard dollar) sahələridir.

ADB Azərbaycanla yeni tərəfdaşlıq strategiyası çərçivəsində ölkəyə 2,5 milyard ABŞ dollarına qədər investisiya yönəltmək niyyətindədir.

Bundan əlavə, ADB 2030-cu ilə qədər bütün Cənubi Qafqaz və Mərkəzi Asiya məkanında regional əlaqəliliyin gücləndirilməsinə, təmiz enerjinin inkişafına, rəqəmsal transformasiyaya və inklüziv infrastrukturun yaradılmasına 10 milyard ABŞ dollarından çox investisiya yatırmaq niyyətindədir.

ADB 1966-cı ildə təsis edilib, onun mənzil-qərargahı Manilada yerləşir. Bankın tərkibinə 69 səhmdar ölkə daxildir, onların da 50-si Asiya-Sakit okean regionunu təmsil edir.

Əlaqəli Xəbərlər